Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gənc ifaçıların və yeni istedadların üzə çıxarılması istiqamətində reallaşan daha bir layihə başa çatıb. Uşaq və gənclər arasında vokal və estrada oxuma üzrə respublika müsabiqəsinin yekun konserti aprelin 5-də Rəşid Behbudov adına Mahnı Teatrında keçirilmişdi.
   Bu günlərdə isə uşaq musiqi və incəsənət məktəbləri, Azərbaycan Milli Konservatoriyası və onun tərkibindəki İncəsənət Gimnaziyasından 70-ə yaxın şagird və tələbənin qatıldığı müsabiqənin qaliblərinin təltif olunma mərasimi keçirilib.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qalibləri təbrik edərək onlara daha böyük nailiyyətlər arzulayıb.
   Ölkə rəhbərliyinin gənclərə böyük diqqət və qayğı göstərdiyini vurğulayan nazir müavini bunun bariz nümunəsi kimi gənc istedadların xüsusi təqaüdlərə layiq görülməsi, adlarının “Qızıl kitab”a daxil edilməsini qeyd edib.
   Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyi də istedadlı uşaqların üzə çıxarılması, onların dəstəklənməsi istiqamətində sistemli iş aparır, mütəmadi müsabiqələr və tədbirlər keçirir. Sevda Məmmədəliyeva bu müsabiqənin qalibləri arasından da nadir istedadların üzə çıxacağına və onların dünyanın nüfuzlu səhnələrində çıxış edəcəklərinə ümidvar olduğunu bildirib.
   Uşaqların erkən yaşlardan musiqi sənətinə sevgi və maraq ruhunda yetişməsinin əhəmiyyətini vurğulayan nazir müavini onları bu sahəyə yönəldən valideynlərə və müəllimlərə təşəkkür edib.