18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü İçərişəhərdə ənənəvi aksiya ilə qeyd edilib
   
   Aprelin 18-i dünyada “Beynəlxalq abidələr və tarixi yerlər günü” kimi qeyd edilir. 1983-cü ildə UNESCO yanında Tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) təşəbbüsü ilə təsis edilən əlamətdar gün ölkəmizdə də hər il müxtəlif tədbirlərlə yadda qalır. Muzey və qoruqlarda “açıq qapı” günləri elan edilir, ziyarətçilərin rahatlığı naminə iş vaxtı uzadılır. Bu dəfə də, ölkənin digər tarixi-mədəni məkanlarında olduğu kimi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət ocaqlarında ənənəvi aksiya keçirildi.
   
   “Açıq qapı” imkanından xarici turistlər də yararlanır
   
   Biz də “açıq qapı” aksiyasına olan marağı izləmək üçün UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş İçərişəhərə üz tutduq. İlk olaraq Qız qalasına baş çəkdik. Səhər saatları olduğundan sıxlıq müşahidə etməsək də, gələnlərin sayı az deyildi. 
   Şəhər sakini Aydan Həsənova uşaqları ilə İçərişəhərdəki tarixi abidələr və muzeylərlə tanış olmağa gəlib. Həm özü, həm də uşaqları üçün maraqlı bir gün olduğunu deyir: “Bu fürsətdən istifadə edib ərazidəki bütün muzey və tarixi abidələrə baş çəkmək istəyirik”.
   İlqar Ağayev də “açıq qapı” günündən ailəliklə yararlanan ziyarətçilərdəndir. Deyir ki, dəfələrlə burada olmasına baxmayaraq, hər dəfə gələndə təəssüratlarımız daha da zənginləşir: “Bu gün “açıq qapı” günü olduğu üçün ailə üzvlərimizlə birlikdə muzeyləri ziyarət etməyə gəlmişik. Buradan da Şirvanşahlar sarayına gedəcəyik”.
   Qız qalasının ətrafından ayrılıb İçərişəhərin dar keçidli küçələrindən keçərək digər tarixi yerlərə baş çəkirik. Qarşılaşdığımız bir neçə xarici turistin fikirlərini öyrənməyə çalışırıq.
   Türkiyədən gələn Halit Vəlioğlu Bakıda bir neçə dəfə olduğunu bildirir: “Bakı çox müasir şəhərdir. Müasir binalar tikilsə də, şəhərin qədim arxitekturası çox gözəl qorunub. İçərişəhərdə birinci dəfə olanda çox heyrətlənmişdim. Bura girişin pulsuz olması çox yaxşıdır. Mədəniyyət hər bir millətin inkişafının əsasıdır”.
   Olya Burkaçkaya Ukraynadan gəlib: “Buranın qədim şəhər olduğu haqqında çox eşitmişdim. Qaldığım hoteldə dedilər ki, bu gün Beynəlxalq abidələr və tarixi yerlər günü qeyd olunur və bir çox məkanları ödənişsiz ziyarət etmək olar. Ekskursiya zamanı Bakı şəhərinin tarixi ilə əyani tanış olmaq imkanı əldə etdim”.

   “İçərişəhər fantastik bir yerdir”
   
   Nəhayət, sonda yolumuzu Şirvanşahlar Sarayı Kompleksindən saldıq. Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, Orta əsrlər Şərq memarlığının nadir incilərindən biri olan kompleks yerli sakinlərin və şəhərimizin qonaqlarının ən çox maraqlandığı və görmək istədiyi məkanlardandır. 
   Almaniyadan olan bir qrup turistin ətrafdakı abidələri heyranlıqla seyr etdiyini görürük. Onlardan Georq Biskup müsahibə verməyə razı olur: “Azərbaycana ilk dəfə gəlmişəm. Mənim üçün çox maraqlı bir səfər olduğunu deyə bilərəm. İçərişəhər isə fantastik bir yerdir. Burada olan tarixi abidələr çox maraqlıdır. Amma məni daha çox burada qorunan qədim eksponatlar təəccübləndirdi. Onlar qədim dövrlərdə yaşamış insanlar haqqında daha dolğun məlumat verir”.
   Kompleksin əməkdaşı deyir ki, bura təkcə yerli sakinlər deyil, həmçinin dünyanın müxtəlif ölkələrindən ziyarətçilər gəlir. Bir neçə il öncə burada yeni ekspozisiya açılıb. Bundan sonra kompleksi ziyarət edənlərin sayı daha da artıb.
   
   Fariz