12-14 aprel tarixində Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova və akademiyanın Milli rəqs kafedrasının müdiri Əməkdar artist Sənan Hüseynli Gəncə Uşaq Yaradıcılıq Mərkəzində Gəncə şəhəri, Göygöl, Goranboy və digər ətraf rayonların mədəniyyət işçiləri, pedaqoji heyət və müxtəlif yaş qruplarına aid uşaq, yeniyetmə və gənclərə Azərbaycan milli rəqsi üzrə açıq ustad dərsləri keçiblər. Ustad dərslərində milli rəqslərimizin tarixi, ənənələri, onlara xas olan elementlər, həm də müasir dövrdə xoreoqrafiya sahəsində gedən proseslər və yeniliklər barədə məlumat verilib. 
   Görüşdə vurğulanıb ki, xoreoqrafiya sənətinin, o cümlədən klassik və milli rəqsin tədrisi, tədqiqi və təbliği respublikamızda həyata keçirilən mədəniyyət siyasətinin tərkib hissəsidir və bu işdə Bakı Xoreoqrafiya Akademiyasının müstəsna rolu var. Xalq artisti Təranə Muradova tədbir iştirakçılarını 2017/2018-ci tədris ilində akademiyanın bütün pillələrinə, o cümlədən tam orta, orta ixtisas (kollec), bakalavriatura və magistratura pillələrinə qəbul qaydaları ilə tanış edərək, mövcud və yeni ixtisaslar barədə məlumat verib.
   Ustad dərslərində iştirakçılara nəzəri biliklərlə yanaşı, əyani şəkildə elementlər, rəqslər nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb. Təranə Muradova və Sənan Hüseynlinin təqdim etdiyi “Naz eləmə” rəqsi böyük rəğbətlə qarşılanıb.
   İkigünlük ustad dərslərindən sonra Bakı Xoreoqrafiya Akademiyasının nümayəndələri Gəncə şəhər rəhbərliyi tərəfindən qəbul edilib.