Mərhum kinoşünas, kinodramaturq, rejissor, Əməkdar incəsənət xadimi, professor Aydın Dadaşovun (1952-2017) “Müasir Azərbaycan kinosu” monoqrafiyası çapdan çıxıb.
   “TEAS Press” nəşriyyat evi tərəfindən çap olunan monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan kinofilmlərində sənətkarlıq məsələləri, Qarabağ mövzusunun bədii filmlərdə təcəssümü, yeni axtarışlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi mövzular araşdırılır.
   Kitabda XX əsrin sonları - XXI əsrin əvvəllərində çəkilmiş əksər filmlər geniş təhlil olunur, personajların xarakteri ayrı-ayrılıqda araşdırılır, ssenarist, rejissor və operatorların, ümumiyyətlə, bütün yaradıcı heyətin işi ciddi tənqid süzgəcindən keçirilir.
   Əsər müstəqillik dövrü Azərbaycan kinosunun “Yarasa”, “Güllələnmə təxirə salınır”, “Sonuncu dərviş”, “Ovsunçu”, “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Haray”, “Yaddaş”, “Fəryad”, “Hər şey yaxşılığa doğru”, “Yalan”, “Arxada qalmış gələcək”, “Dolu”, “Nabat” və digər ekran əsərləri əsasında aparılmış elmi araşdırmaların məhsuludur.
   AMEA Memarlıq və İncəsənət İnstitutu elmi şurasının müvafiq qərarı ilə çapa tövsiyə olunmuş monoqrafiyanın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, rəyçiləri professorlar Məryəm Əlizadə və Aqşin Babayev, nəşriyyat redaktoru Kərim Kərimlidir.
   Təəssüf ki, kitabın üzünü görmək müəllifə qismət olmayıb. O, kitabın mətbəədən gəlməsindən bir neçə gün əvvəl dünyasını dəyişib. Bu əsər 20-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin, 60-dan artıq filmin ssenari müəllifi, rejissoru, redaktoru, direktoru olan tanınmış kinoşünas, professor Aydın Dadaşovun yaradıcılığının son akkordu oldu.
   “Müasir Azərbaycan kinosu” oxucular, ilk növbədə kinoşünaslar, bu sahədə tədqiqat işləri aparan alimlər, kino tənqidçiləri, ali təhsil ocaqlarının müəllim və tələbələri, eləcə də kino həvəskarları üçün dəyərlidir.