Buktreyler festivalına yekun vurulacaq
   
   Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən II Buktreyler festivalına aprelin 21-də yekun vurulacaq. 
   "Kitabı tanıdın, kitabla tanının" şüarı ilə gerçəkləşən festivalın məqsədi kitab və mütaliənin cəmiyyətdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişaf etdirilməsidir.
   Festivala buktreylerlərin qəbulu aprelin 10-da başa çatıb. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndiriləcək və verilən qiymətlər toplanaraq qaliblər müəyyənləşdiriləcək. Buktreylər festivalının münsiflər heyətinə "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, əməkdar incəsənət xadimləri - kinorejissor Elçin Musaoğlu, kinoşünas Ayaz Salayev, kinooperator Kənan Məmmədov daxildir. 
   Qeyd edək ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq hərəsi 1000, 800 və 500 manat olmaqla pul mükafatları gözləyir. Bütün suallarla bağlı festival2017@booktrailer.az müraciət etmək mümkündür.
   
   Lalə