Aprelin 14-də Azərbaycan Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisinin açılış mərasimi oldu.
   Mərasimdə çıxış edən muzeyin direktoru Şirin Məlikova ekspozisiyada rəssamın isti və soyuq batika texnikaları ilə yaratdığı “Simurq” və “Təsadüf” silsilələrindən olan rəsm nümunələrinin yer aldığını bildirdi. Qeyd etdi ki, rəssam 1990-cı illərin sonlarından başlayaraq batika texnikası ilə “Simurq” mövzusunda silsilə əsərlər yaradıb. Simurq quşu türk xalqların mifologiyasında çox məşhur obrazdır. “Simurq” silsiləsi Azərbaycanın orta əsrlər miniatür sənətini və qotik kilsələrin monumental şəbəkələrini xatırladır. Müəllifin “Təsadüf” adlı yeni batik silsiləsində mifoloji Simurq quşu yerə enərək, müasirlərimizin yaşadığı torpağa öz mistik enerjisini ötürür. Silsilədə mif və reallıq varlığın vahid axınında qovuşur.
   Muzeyin direktoru diqqətə çatdırdı ki, batika dünyanın ən qədim tətbiqi sənət növlərindən biridir və müxtəlif texnikaları ilə seçilir: “Azərbaycanda batika kəlağayı sənətində çox qədim dövrlərdə inkişaf edib. Xalça Muzeyinin kolleksiyasında çox gözəl, əsrarəngiz kəlağayılar var. “Təsadüf” adlı sərginin məhz Xalça Muzeyində açılması da bu baxımdan səbəbsiz deyil.
   Bildirildi ki, muzey son vaxtlar təhsil proqramları ilə çıxış edir və İnna Kostina sərgi çərçivəsində batika üzrə ustad dərsləri keçəcək.
   AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə qeyd etdi ki, hər dəfə İnna Kostinanın yaradıcılığının yeni bir tərəfi ilə rastlaşmaq mümkündür: “Əslində, Simurq böyük sirlərlə dolu obrazdır. İnna Kostinanın bu silsilədən olan əsərlərinə baxarkən insan havanı hiss edir. Bu əsərlərdə bir uçuş hissiyyatı var. Buna batika texnikasında nail olmaq, həqiqətən, hər rəssamın işi deyil”.
   Diqqətə çatdırıldı ki, İ.Kostina 2013-cü ildə Daşkənd biennalesində Azərbaycanı öz batika əsərləri ilə uğurla təmsil edib.
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, Əməkdar incəsənət xadimi Validə Məmmədova rəssamın yaradıcılıq yolundan danışdı: “Təsadüf” sərgisində yer alan əsərlərdə biz təsadüfü yox, həyatın məqamlarını görürük. Əsərlərə baxanda biz rəng müxtəlifliyini görürük. Rənglər bir-birinə təzad təşkil etsə də, kompozisiya daxilində vəhdət yaradır”.
   İnna Kostina sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
   Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Rəssamın 48 ədəd batika nümunəsinin yer aldığı sərgi mayın 2-dək davam edəcək.
   
   Fariz Hüseynov