Mayın 5-də Müasir İncəsənət Muzeyində Azərbaycan Fotoqraflar Birliyinin üzvü, həvəskar fotoqraf və peşəkar rəssam Vüqar Muradovun “Bənzəmə” adlı fərdi rəngkarlıq sərgisi açılacaq. Mayın 21-dək davam edəcək sərgidə müəllifin 16 rəngkarlıq əsəri nümayiş olunacaq.
   Azərbaycan xalçaçılıq sənəti qədim və fundamental sənət ənənəsi olmaqla bərabər, həm də özünün əsrlər boyu formalaşmış qaydalar strukturunda dəyişilməyə meyilli olmayan konservativ bir ənənəni təşkil edir. Vüqar Muradov bu həssas mövzunun işlənməsində ən uyğun yolu tapa bilib. O, təsvirə heykəltəraşlıq prizmasından yanaşır. Müəllifin “Xalça” silsiləsində təsviri kompozisiyanın həllinin iki konseptual yanaşmasının - Şərq-islam və uzaq Şərq-buddist yanaşmalarının sintezi özünü büruzə verir.