“Rossiya-24” telekanalı paytaxtımızda keçirilən Şopinq festivalı haqqında reportaj yayımlayıb
   
   “Rossiya-24” televiziya kanalında Bakıda keçirilən Şopinq festivalı haqqında reportaj yayımlanıb. Reportajda bildirilir ki, festivalda alıcılara müxtəlif endirimlər, maraqlı mədəni proqramlar təklif edilir.   
   Andrey Şlyapnikovun müəllifi olduğu reportajda Azərbaycanda mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi vurğulanır. Müəllif Bakı Şopinq Festivalını ölkədə turist axınının artırılmasına yönələn daha bir addım kimi dəyərləndirir. Oxşar festivalların Türkiyə, Dubay və Sinqapurda keçirildiyini deyən Andrey Şlyapnikov MDB məkanında ilk belə festivalın Azərbaycanda təşkil edildiyini bildirir.
   Reportajda vurğulanır ki, Azərbaycan bu tədbirə Şərq koloritini qataraq özünəməxsus şəkildə yanaşıb. Bir ay ərzində sakinlər və qonaqlar mağazalarda xüsusi endirimlərdən yararlanır, Azərbaycan qonaqpərvərliyi ilə yaxından tanış olur, mədəni proqramdan zövq alırlar. İri ticarət mərkəzləri, İçərişəhərdə açıq səma altında yerləşən dükanlar alıcılara müxtəlif məhsullar təklif edir. 
   Dünyanın məşhur brendləri də bu təşəbbüsə məmnuniyyətlə qoşulublar. Satışa istənilən zövqə və maddi imkana uyğun məhsul çıxarılıb. Mağazalar ikiqat gəlir əldə edir, şopinq həvəskarları isə “Tax free”dən yararlanırlar.
   Bakı Şopinq Festivalının əsas özəlliyi ondan ibarətdir ki, “Tax free” sistemindən xaricilərlə yanaşı, yerli əhali də yararlanır. İri ticarət mərkəzlərində “Tax free” pulunu almaq üçün şərait yaradılıb. 
   A.Şlyapnikovun respondenti olan Şopinq festivalının brend meneceri müsahibəsində bildirir ki, əvvəllər azərbaycanlılar digər ölkələrə festivala üz tuturdularsa, indi Azərbaycan özü belə bir festival keçirir. Buraya Yaxın Şərq, qonşu ölkələrdən gələnlər üstünlük təşkil edir.
   Reportajda məlumat verilir ki, Bakı Şopinq Festivalı ildə iki dəfə keçiriləcək. Təkcə ötən il Odlar Yurduna 2 milyondan çox turist gəlib. Şopinq festivalının təşkili ilə bu göstəricinin bir neçə dəfə artması gözlənilir.