Son günlər KİV-də və sosial şəbəkələrdə “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğu ərazisində Qala divarlarına aid tikintinin aparılmasına dair məlumat və fotolar yayılıb. Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsi məsələyə aydınlıq gətirmək məqsədilə məlumat yayıb.
   Məlumatda bildirilir ki, qoruq ərazisində abidələrin qorunub saxlanılması məqsədilə vaxtaşırı bərpa və konservasiya işləri aparılır. Cari ildə də İçərişəhər ərazisində olan digər abidələrdə bərpa və konservasiya işlərinin həyata keçirilməsi davam etdirilir. Hazırda İçərişəhərin ölkə əhəmiyyətli abidəsi olan Qoşa qala qapısının portalı üzərində, eləcə də Qala divarlarının sağ və sol istiqamətlərində bərpa-gücləndirmə işləri aparılmaqdadır. Bununla yanaşı, ərazidə və Qala divarlarına heç bir zərər yetirmədən turistlərə daha keyfiyyətli və geniş çeşiddə xidmətlərin göstərilməsi (muzey biletlərinin, xəritələrin, turların, suvenirlərin, çap məhsullarının və s. satışı) məqsədilə geniş “Turist məlumat mərkəzi”nin yaradılması nəzərdə tutulub. Bu cür məlumat məntəqələrinin quraşdırılması müasir beynəlxalq təcrübəyə əsaslanır. 
   İdarə əhali və KİV-lər tərəfindən İçərişəhərdə həyata keçirilən layihə və işlərə olan maraq və diqqətə görə təşəkkürünü bildirərək, yoxlanılmamış, həqiqətə uyğun olmayan məlumatların paylaşılmamasını xahiş edir.