Aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən II Buktreyler festivalına yekun vurulacaq.
   Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında ilk dəfə ötən il keçirilən festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
   “Kitabı tanıdın, kitabla tanının” sloqanlı ikinci festivalın münsifləri təqdim olunan buktreylerlərin qiymətləndirilməsinə yekun vurub. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif tərəfindən ayrılıqda qiymətləndirilib.
   Xatırladaq ki, festivalın qalibləri üçün müvafiq pul mükafatları (bir 1-ci yer - 1000 manat, iki 2-ci yer - 800 və üç 3-cü yer - 500 manat) nəzərdə tutulub.