Özbəkistan Rəssamlıq Akademiyasının sərgi salonunda keçirilən “Ənənəvi təsviri incəsənət festivalı”nda bu ölkədəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.
   Tədbir çərçivəsində “Qarabağ şikəstəsi”nin sədaları altında Qarabağın XVII-XIX əsrlərə aid mərasim, toy libasları, şənlik geyimləri, zadəgan xanımların geyimləri nümayiş etdirilib. Geyimləri Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri təqdim edib.
   Nümunələr Bakı Geyim Evi tərəfindən hazırlanıb və Mədəniyyət mərkəzinin “Azərbaycan milli geyimləri” muzeyində müntəzəm olaraq nümayiş etdirilir.
   Sərgidə, həmçinin AMM-in “Azərbaycan qızları” rəqs ansamblının üzvləri “Arşın mal alan” əsərindən musiqili səhnəni təqdim ediblər.
   Festival iştirakçılarına Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs barədə məlumatlar təqdim olunub, milli geyimlərin hər bir xalqın qədim tarixinin, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.