Mayın 3-də Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəssamı Namiq Məmmədovun “Xoşbəxtlik düsturu” adlı fərdi sərgisi açılacaq.
   Mayın 31-dək davam edəcək sərgidə rəssamın rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaq. Bu əsərlərin arasında rəssamın “Dua” adlı pastellər silsiləsi var. Kağız fonda güclə nəzərə çarpan plastik obrazlar uzun illər boyu rəssamı müşayiət edən qoruyucu mələklər kimi asta, sonsuz bir karvantək bir-birini əvəz edir.
   Namiq Məmmədov 1957-ci ildə Gəncədə anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Litva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Əsərləri Norveç, Danimarka, ABŞ, İtaliya, Türkiyə, Almaniya, İngiltərə və digər ölkələrdə kolleksiyalarda saxlanılır.