Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin (1952-1991) anadan olmasının 65 illiyinə həsr edilən “Dəli bir ağlamaq keçir könlümdən” adlı tədbir keçirilib.
   Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova şəhid jurnalistin həyat yolu haqqında məlumat verib. Digər çıxış edənlər Vətən yolunda həyatından keçən qəhrəman övladların gələcək nəsillərə örnək olduqlarını bildiriblər. Məktəblilər Alı Mustafayevin şeirlərini səsləndiriblər.
   * * *
   Qazax rayon MKS-nin Daş Salahlı kənd 1 və 2 saylı kitabxana filialları Aprel döyüşlərində şəhid olan Süleyman Süleymanovun xatirəsinə həsr olunan anım mərasimi keçirib. Tədbirdə multimedia üzrə mütəxəssis Hicranə Məmmədova, kənd Sənətkarlıq evinin müdiri Natəvan Mustafayeva çıxış ediblər. Fəal oxucular şair Valeh Duyğunun “Ağlama, şəhid anası, ağlama”, Xalq şairi Qabilin “Azərbaycan əsgəri” şeirlərini söyləyiblər.
   * * *
   Neftçala rayon MKS-nin 1 saylı şəhər kitabxanası şəhid Mehman Səfərov adına internat tipli gimnaziyada “Vətən sərhəddən başlanır” adlı tədbir təşkil edib. Rayonun ilk şəhidi M.Səfərovun (1972-1992) 45 illiyinə həsr olunan xatirə tədbirində çıxış edənlər onun həyat və döyüş yolundan söz açıblar. Qeyd olunub ki, Mehman Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb və Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şagirdlər vətənpərvərlik mövzulu şeirlər səsləndirib, ədəbi kompozisiya təqdim ediblər.