Esse müsabiqəsinə yekun vurulub
   
   Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində məşhur yazıçı, “ərəb romanının əmiri” sayılan Nəcib Məhfuzun yaradıcılığına həsr olunan "Nəcib Məhfuz oxucuların gözü ilə..." adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
   Mərkəzin direktoru Əhməd Sami əl-Aydi yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Nobel mükafatı laureatı Nəcib Məhfuzun azərbaycanlı gənclərə, eləcə də qələm adamlarına tanıdılmasıdır. 
   Digər çıxış edənlər Nəcib Məhfuzun 30-dan çox roman və 350-dən çox hekayəsinin Şərq, eləcə də dünya ədəbiyyatına əvəzsiz töhfəsindən danışıblar.
   Münsiflər heyətini təmsil edənlər - filologiya elmləri doktoru Vaqif Sultanlı, yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı, ədəbiyyatşünas Cavanşir Yusifli müsabiqənin əhəmiyyətindən bəhs ediblər. 
   Sonda I, II, III yerin qaliblərinə mükafatlar təqdim olunub.