Daşkənddə yazıb-yaratmış mərhum azərbaycanlı şair, Özbəkistan Yazıçılar İttifaqının üzvü İxtiyar Rzanın yaşadığı binada xatirə lövhəsinin açılışı olub.
   Xatirə lövhəsi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında hazırlanıb.
   Açılış mərasimində səfirliyin və AMM-in əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Daşkənd şəhərindəki Azərbaycan diasporunun fəalları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri, şairin ailə üzvləri və jurnalistlər iştirak ediblər.
   AMM-in direktoru Samir Abbasov Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin əbədiləşdirilməsi layihəsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstək göstərdiyini qeyd edib. Bildirib ki, İxtiyar Rza Özbəkistanın sayılıb-seçilən şairlərindən biri olub. Şairin ilk şeirlər kitabı 1979-cu ildə Daşkənddə çap edilib. İxtiyar Rza Çulpan, Mirtemir, Maqsud Şeyxzadə kimi tanınmış şairlərin ədəbi ənənələrini davam etdirib, əsərlərində Vətənə və anaya sevgisini tərənnüm edib, özünəməxsus üslubda əsərlər yaradıb. Qeyd olunub ki, şair 1969-2012-ci illərdə bu binada yaşayıb.
   Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Gülbahar Aşurova çoxmillətli, çoxmədəniyyətli ölkə olan Özbəkistanın inkişafında azərbaycanlıların rolundan danışıb. Qeyd edib ki, Daşkənddə yaşayan azərbaycanlı rəssam Yusif Hüseynovun da xatirə lövhəsi açılıb. O, İxtiyar Rzanın xatirəsinin əbədiləşdirilməsini xalqlar arasında dostluğa, qardaşlığa verilən töhfə kimi dəyərləndirib.
   Daşkənd şəhəri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov, professor Səxavət Ociyev, özbək şairi Tahir Qahhar bildiriblər ki, İxtiyar Rza Özbəkistanın tanınmış şairləri ilə bir sırada durur. Onlar şairin əsərlərinin məziyyətləri haqqında söhbət açıblar.
   Qeyd edək ki, İxtiyar Rzanın barelyefi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Arxitektura və Layihə İnstitutunun dosenti, tanınmış heykəltəraş Marina Borodinova tərəfindən hazırlanıb. İxtiyar Rza “Əfsanələr çin ikən” (1983), “O sənsən, mənimsən” (1987), “Bəyaz” (1989), həmçinin “Qanadlı, qanadsız quşlar”, “Ağılar” və digər kitabların müəllifidir.