Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un müxtəlif səpkili tədbirlər proqramı bu ay da davam edir. Qurumun ənənəvi layihələrindən olan və 14-cü dəfə keçirilən “Fotoqraflar görüşü" aprelin 16-da başlanıb.
   
   Türkistanda “Fotoqraflar görüşü”
   
   Səkkiz türkdilli ölkədən fotoqraflar bu dəfə Qazaxıstanın Türkistan şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı 2017" tədbirləri çərçivəsində bir araya gəliblər. Layihənin məqsədi foto sənətini dəstəkləmək və türk xalqlarının bu sənətdə necə güclü olduqlarını, eləcə də türk dünyasını fotoşəkillərlə dünyaya tanıtmaqdır. 
   Qeyd edək ki, "TÜRKSOY fotoqraflar görüşü" 2004-cü ildən etibarən keçirilir. Cənubi Qazaxıstan Vilayəti Mədəniyyət Müdirliyi və digər qurumlarla birgə gerçəkləşən budəfəki görüşün iştirakçıları qədim Türkistan şəhərinin maraqlı mənzərələrini fotoaparatlarının yaddaşına köçürürlər. Layihə çərçivəsində aprelin 21-də ''Türk dünyası fotoqraflarının gözü ilə Türkistan” sərgisi açılacaq.
   
   “Türk dünyası öncülləri” konfransı
   
   Qurumun “Türk dünyası öncülləri” layihəsinə bu il start verilib. Layihə üzrə hər ay türk dünyasının görkəmli şəxsiyyətlərindən biri konfrans, simpozium və bədii-musiqili gecələrlə yada salınır. 
   Bu silsilədən birinci tədbir yanvar ayında Xoca Əhməd Yasəviyə həsr olunmuş, ikinci tədbirdə türk dünyasının böyük şairi Şəhriyar anılmışdı. 
   Bu dəfə isə Çuvaş şairi Konstantin İvanov tanıdılıb. Aprelin 20-də TÜRKSOY-un Ankaradakı baş qərargahında düzənlənən tədbirdə Kırıkkale Universitetinin müəllimi Bülent Bayram şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. 
   
   Qadın bəstəkarların konserti
   
   Aprelin 25-də isə Türk dünyası qadın bəstəkarları konserti TÜRKSOY və SANKON-un (Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyası) işbirliyi ilə baş tutacaq. Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Tatarıstan və Başqırdıstan bəstəkarlarının əsərləri səsləndiriləcək. Azərbaycandan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və istedadlı bəstəkar Xədicə Zeynalovanın əsərlərinin də ifa olunacağı konsertdən əvvəl isə Türkiyənin Bolu şəhərinin Seben bələdiyyəsi ərazisində türk dünyası korifey bəstəkarlarının adı veriləcək evlərin açılışı olacaq. 
   Qeyd edək ki, həmin evlərdən birinə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin adı veriləcək. Sözügedən tədbir çərçivəsində TÜRKSOY “Rəssamlar görüşü” layihəsinə qatılan qadın rəssamların seçilmiş əsərlərindən ibarət sərgi də açılacaq. Sonra isə konsert proqramı tamaşaçılara təqdim olunacaq. 
   
   Mehparə Sultanova
   Ankara