Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç festivalı keçirilir
   
   Azərbaycan paytaxtı növbəti beynəlxalq festivala ev sahibliyi edir. Aprelin 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IX Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli açılışı oldu.
   Artıq ənənəyə çevrilmiş festival bu dəfə də klassik musiqini sevən paytaxt əhalisini və Bakının qonaqlarını mükəmməl ifaçılıq sənətindən, əbədi sənət nümunələrindən zövq almağa çağırır. 
   Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç çıxış etdilər. 
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev salona toplaşan hər kəsi salamlayaraq dedi ki, bu gün mədəniyyət tariximizdə önəmli günlərdən biridir. Dahi bakılı Mstislav Rostropoviçin adını daşıyan ənənəvi festival başlayır: “2006-cı ildə Dmitri Şostakoviç festivalı keçirilən günlərdə maestro öz arzusunu bildirdi ki, Bakıda mütləq böyük klassik musiqi festivalı keçirilməlidir. Təəssüf ki, həmin səfər onun Bakıya son gəlişi oldu və 2007-ci ildə biz onu itirdik. Lakin onun bu istəyi, ideyası onun davamçıları və bizim dostlarımız - Olqa Rostropoviçin başçılıq etdiyi Mstislav Rostropoviç Fondu, Qalina Vişnevskaya Opera studiyası tərəfindən həyata keçirilir. Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın, ölkə Prezidenti İlham Əliyevin, Azərbaycan musiqi ictimaiyyətinin dəstəyi ilə artıq doqquzuncu dəfədir ki, biz Mstislav Rostropoviç festivalını keçiririk. Bu il Mstislav Leopoldoviçin 90 illik yubileyidir. Dövlət başçısının sərəncamı ilə bu yubiley müxtəlif tədbirlərlə qeyd edilir. Miqyasından asılı olmayaraq, bütün konsertlər, görüşlər, konfranslar Rostropoviçin adı ilə bağlıdır”. 
   Nazir ümidvar olduğunu bildirdi ki, festival günlərində çıxış edəcək musiqi kollektivləri dinləyicilərə klassik musiqi ilə yaddaqalan ünsiyyət bəxş edəcək. 
   Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç Bakıya növbəti səfərindən məmnunluğunu ifadə edərək söylədi ki, buraya hər gəliş dostlarımızla yeni görüş, atamın xatirəsini əziz tutan insanlar ilə xoş ünsiyyət, gözəl musiqi və mükəmməl kollektivlərin, ifaçıların çıxışlarını dinləmək fürsətidir: “Atamın 90 illiyi münasibətilə Nyu-York, Vaşinqton, Paris, Moskva və Sankt-Peterburqda baş tutmuş tədbirlər silsiləsi Bakıda davam edir”.
   Olqa Rostropoviç çıxışının sonunda mədəniyyəti dəstəkləyən, mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi üçün böyük işlər görən Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq etdi. O, Mstislav Rostropoviçin xatirəsini əziz tutaraq, festivala gələn hər kəsə təşəkkürünü bildirdi, festivalı açıq elan etdi. 
   İlk konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor - Xalq artisti Rauf Abdullayev) çıxış etdi. Əvvəlcə orkestr böyük italyan bəstəkarı Cüzeppe Verdinin "Taleyin gücü" operasından uvertüranı ifa etdi. Sonra Pyotr Çaykovskinin fortepiano üçün 1 nömrəli "Si-bimol-minor konserti” çalındı. Əsəri orkestrin müşayiəti ilə fortepianoda Xalq artisti Murad Adıgözəlzadə ifa edirdi. Təxminən bir saat çəkən, dünya fortepiano musiqisinin inciləri cərgəsində yer tutan konsert ifaya layiq alqışlarla qarşılandı.
   İkinci hissədə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Xəyyam Mirzəzadənin 2 nömrəli "Diptich" simfoniyası səsləndi. Simfoniyanı violində beynəlxalq və respublika müsabiqələri laureatı Ümidə Abbasova ilk dəfə ifa etdi. IX Beynəlxalq Mstislav Rostropoviç festivalının ilk konserti italyan bəstəkarı Ottorino Respiginin "Roma trilogiyası"ndan "Pini di Roma" simfonik poemasının ifası ilə başa çatdı. 
   * * *
   Qeyd edək ki, festivalın ikinci günü, aprelin 24-də Azərbaycan Dövlət Filarmoniyasında “Vyana-Berlin” Kamera Orkestri (dirijor - Honek Rayner, solist - Daniel Müller Şott, cello) çıxış edib. Aprelin 25-də isə “Drezden Ştaatskapella” orkestri (dirijor - Omer Meir Vellber, solist - Kit Armstronq, piano) bu səhnədə sənətsevərlər qarşısına çıxıb.
   Festivalın son iki konserti 26-27 apreldə Heydər Əliyev Sarayında keçiriləcək. Rusiyanın Əməkdar kollektivi - Sankt-Peterburq Akademik Simfonik Orkestri Yuri Temirkanovun bədii rəhbərliyi ilə klassik musiqi həvəskarlarına yaddaqalan gecə bəxş edəcək. 
   
   G.Mirməmməd