Aprelin 24-də Təzəpir məscidində Xalq artisti, musiqişünas alim, professor Ramiz Zöhrabovla vida mərasimi keçirildi.
   Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edirdi. Tabutun önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
   Vida mərasimində çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Ramiz Zöhrabovun vəfatının Azərbaycan mədəniyyəti və musiqisi üçün böyüt itki olduğunu dedi, onun musiqi mədəniyyətimizin inkişafında, təbliğində və tədqiqində müstəsna xidmətlərindən danışdı. Qeyd etdi ki, 20-dən çox monoqrafiyanın müəllifi olan görkəmli alimin qədim muğam sənətimizin tədqiqinə həsr olunmuş əsərləri bu sahədə dəyərli mənbədir. F.Bədəlbəyli mərhumun pedaqoji fəaliyyətindən də bəhs etdi, ölkəmizin mədəniyyət və incəsənətinin inkişafı naminə göstərdiyi səylərdən söz açdı, respublikamızda keçirilən muğam müsabiqəsi və festivallarında fəaliyyətini xüsusilə qeyd etdi. 
   Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov çıxış edərək Ramiz Zöhrabovun həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, Ramiz Zöhrabov Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında tələbələrə muğam sənətinin sirlərini öyrədib. O, Azərbaycan musiqişünaslıq elmində öz dəst-xətti, xüsusi yeri və rolu olan sənətkardır. Skripka təhsili alsa da, Azərbaycan muğamlarının mahir bilicisi idi. Musiqişünas alimin tədqiqatları və gərgin əməyi bu sahənin inkişafına öz töhfəsini verib.
   Vida mərasimindən sonra mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırıldı.
   
   Fariz Hüseynov