Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı IV İslam Həmrəyliyi Oyunları çərçivəsində xüsusi repertuarla çıxış edəcək. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında tamaşaçı qismində iştirak edəcək qonaqlar üçün dünya dramaturgiyasının ən məşhur nümunələri ilə yanaşı, Azərbaycan milli dramaturgiyasından da seçmələr təqdim olunacaq. Bu sıraya M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, Ə.Haqverdiyevin “Pəri cadu”, H.Cavidin “Şeyx Sənan”, M.Makdonaxın “Yalqız Qərb”, “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə”, L.Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) və U.Şekspirin “Romeo və Cülyetta” əsərlərinin tamaşaları daxildir. 
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını başa çatdırıb. Teatrın mətbuat xidmətindən bildirilib ki, teatr beynəlxalq tədbirlə bağlı xüsusi repertuar planı hazırlayıb. Sənət ocağının repertuarında olan C.Məmmədquluzadənin “Ölülər”, N.V.Qoqolun “Müfəttiş”, A.Saqarelinin “Xanuma”, İ.Əfəndiyevin “Boy çiçəyi”, H.Mirələmovun “Vəsiyyət”, Elçinin “Şekspir”, E. de Filipponun “Silindr”, B.Nuşiçin “Nazirin xanımı” və başqa tamaşalar müvafiq olaraq rus və ingilis dillərində subtitrlərlə əcnəbi qonaqlara, turistlərə və nüfuzlu beynəlxalq tədbirin iştirakçılarına təqdim olunacaq.