Bakıdakı “JW Marriott Absheron” hotelində gümrahlaşdırıcı və SPA turizm bazarına həsr olunmuş “Baku Travel Bazaar Wellness & Leisure” ənənəvi beynəlxalq sərgisi keçirilib. Tədbirin təşkilatçıları “Chance Travel Consulting” (Ukrayna) və “R&S Group” (Azərbaycan) şirkətləridir. Sərgidə dünyanın müxtəlif ölkələrindən beşulduzlu hotellər, tibbi sığorta şirkətləri, termal kurortlar, klinikalar və SPA-hotellər təmsil olunub. Tədbirə Azərbaycanın və Gürcüstanın aparıcı turizm şirkətinin təmsilçiləri də qatılıblar.
   “Chance Travel Consulting” şirkətinin həmtəsisçisi İrina Vedeneyeva bildirib ki, “Baku Travel Bazaar” sərgisi çərçivəsində təşkil olunan “B2B” formatlı görüşlər turizmin hər bir konkret istiqamətini ətraflı öyrənməyə, yeniliklərlə tanış olmağa imkan verir. Dünyanın 35-dən çox təşkilatının nümayəndələri öz fəaliyyətlərindəki yeniliklər, əhəmiyyətli layihələr, yeni obyektlər və mövsümü aksiyalar barədə yerli həmkarlarına məlumat vermək üçün Bakıya gəliblər və onlar Azərbaycan bazarı ilə əməkdaşlıq etməkdə və onu genişləndirməkdə son dərəcə maraqlıdırlar.
   Qeyd olunub ki, budəfəki tədbir İsveçrə, Fransa, Almaniya, İtaliya, Türkiyə, Litva, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələri əhatə edir. 
   Sərgidə ilk dəfə iştirak edən Ukraynanın “Edem Resort Medical & SPA” mehmanxana kompleksi özünün sağlamlaşma və istirahət konsepsiyasını təqdim edib. 
   Tədbirin daha bir debütantı - Dubay hotellərini təmsil edən “Starwood Hotels and Resorts” qrupunun satış üzrə direktoru Debora Qrey deyib: “Bizim müxtəlif istiqamətli bir neçə hotel zəncirimiz var. “Baku Travel Bazaar” turizm sərgisində iştirakımız turizm biznesi təmsilçilərini hotellərimizdə istirahət imkanları ilə tanış etmək və nəticədə Azərbaycandan daha çox turist cəlb etmək məqsədi daşıyır”.
   Ən sanballı nümayəndə heyətlərindən biri İsveçrədən istirahət və müalicənin təşkili sahəsində geniş təkliflər spektri ilə gəlib. Onların arasında “Double Check AG”, “Leukerbad Clinic”, “Clinique La Prairie”, “Clinic Lemanic” klinikaları var. “Clinic Lemanic” klinikasının biznesin inkişafı üzrə meneceri Marina Oşşepkova deyib: “Biz “Baku Travel Bazaar” turizm sərgisində altıncı dəfədir iştirak edirik və Azərbaycan xalqının İsveçrədə istirahətə marağının ildən-ilə artdığını hiss edirik. 1998-ci ildə Lozannada açılmış klinikamız estetik, preventiv, regenerativ və “yaş” təbabəti sahəsində ən böyük lazer mərkəzi kimi tanınır. Artıq Azərbaycandan bir neçə müştərimiz var. Biz azərbaycanlı həmkarlarımıza özümüzü xatırlatmaq və ölkənizdən qonaqların axınını artırmaq üçün buradayıq”.
   Türkiyəni təmsil edən “Rixos” hotellər qrupu sərgiyə maraqlı yeniliklərlə qatılıb. Hotelin marketinq üzrə meneceri Tatyana Qrişina deyib: “Antalya aeroportunun 25 kilometrliyində, Belekdə yerləşən hotel bir kilometr boyunca uzanan çox gözəl qumlu çimərliyə, Türkiyədə ən böyük “Land of Legends” tematik parkına, gözdən uzaq istirahət zonalarına malikdir. Azərbaycanlı turistləri qumlu çimərlikləri, şam və evkalipt meşələri ilə şöhrət qazanmış elit istirahət məkanına dəvət edirik”.
   Azərbaycan şirkətləri sərgiyə getdikcə daha böyük maraq göstərirlər. Paytaxtdakı “Averta Travel” şirkətinin direktoru Yelena Lyubomirovanın sözlərinə görə, “Baku Travel Bazaar” müxtəlif ölkələrdən tərəfdaşları, turizm operatorlarını, hotelçiləri birləşdirən faydalı tədbirdir. Onlar öz xidmətləri barədə Azərbaycandakı həmkarlarına məlumat verməklə bərabər, şəhərimizlə tanış olur, Bakıdan gözəl təəssüratlarla ayrılırlar.