Musiqi insana ən yaxın olan incəsənət növüdür. O, bütün sənət növləri içərisində ən güclü emosional təsir qüvvəsinə malikdir. Musiqi eyni zamanda digər incəsənət növləri kimi mühüm estetik tərbiyə vasitəsidir. Musiqi təhsili uşaqların hərtərəfli formalaşmasına, mənəvi aləminin inkişafına və zənginləşməsinə kömək edir. Bu il 85 illik yubileyini qeyd edən Bakı şəhəri Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbi də öz ənənələri olan, Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən təhsil ocaqlarındandır. Məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva ilə söhbətimizdə təhsil ocağının fəaliyyətinə nəzər saldıq. Görüşümüz həm də Qəmər xanımın ad günü ərəfəsinə təsadüf etmişdi. Bu əlamətdar günü sevdiyi kollektivlə birgə qeyd edən həmsöhbətimin həyat haqqında düşüncələri də maraqlı oldu. 
   
   
   - İllər insana çoxlu dostlar, sevdiyi insanlar qazandırır. Bu insanlar arasında ilk növbədə bacılarımı qeyd etmək istərdim. Valideynlərim dünyalarını tez dəyişiblər. Onlar Azərbaycanın ictimai həyatında fəal, dövlətinə, xalqına layiqincə xidmət edən insanlar olublar. Mənə hər zaman bacılarım dəstək olub. Valideynlərimizin yoxluğu sanki bizim dostluğumuza, bir-birimizə sevgimizə rəvac verib... 
   - İllər sizə nə verib?
   - Yaşanan illər insana gözəl duyğular, təcrübə, müdriklik, bütün insanlara qarşı ədalətli olmaq hissi verir. Bu kollektivlə keçirdiyim illər də mənim üçün belə yadda qalıb. Hər zaman burada işləyən insanların fəaliyyətini dəyərləndirməyə çalışıram. Çünki yaxşı fikir, gözəl söz insanı ruhlandırır. Sevinirəm ki, rəhbərlik etdiyim kollektiv məktəbimizin adını uca tutmaq üçün hər zaman səy və məsuliyyətlə çalışır.
   - Bu məktəbə rəhbər təyin olunmağınızı necə xatırlayırsınız?
   - 1986-cı ildən bu məktəbin direktoruyam. Məndən öncə gözəl insan, əsl ziyalı Zivər xanım İbrahimova məktəbə rəhbərlik edib. O, qəfil dünyasını dəyişdi və bu qocaman təhsil ocağının idarəçiliyi mənə həvalə olundu. Məni təşkilatçı kadr kimi tanıyırdılar. Konservatoriyanı bitirdikdən sonra 10 il Mədəniyyət Nazirliyində çalışmışdım. Musiqi məktəbinə rəhbərlik təklifinə ehtiyatla yanaşırdım. Ona görə ki, ailəmdə yolunu çoxdan gözlədiyimiz qızım dünyaya gəlmişdi. Amma bütün bu inamsızlığa unudulmaz sənətkarımız Müslüm Maqomayevin bircə məsləhəti ilə son qoyuldu. O zaman həyat yoldaşı ilə Bakıya istirahətə gəlmişdi və görüşümüz zamanı mənə dedi: “Sənin təşkilatçılıq qabiliyyətin və məsuliyyətin yüksəkdir. Sən bu işi bacaracaqsan”. 
   Artıq 31 ildir bu məktəbdəyəm, gözəl kollektivimiz formalaşıb. Məktəbimizdə yüksək savadlı, professional pedaqoqlar çalışır. Onların bu keyfiyyətləri birləşib əsl kadrı üzə çıxarır. Məktəbimiz son illər çox dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklər Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin böyük dəstəyi ilə gerçəkləşib. Yubileyimiz ərəfəsində biz bu qayğını bir daha hiss etdik. Çalışırıq ki, hər ilin başlanğıcında qarşımıza müəyyən məqsəd qoyaq və ona nail olaq. Respublikamızda və xaricdə keçirilən bütün müsabiqələrdə iştirak edirik. Çox güclü xor kollektivimiz var və hər zaman müsabiqələrdə böyük nailiyyətlər qazanırıq. Xalq çalğı alətləri ansamblımız da fəaliyyət göstərir. Məktəbdə ansambl, kollektiv yaratmaq çətin işdir. Çünki müxtəlif səbəblərdən şagirdləri bir araya gətirmək asanlıqla başa gəlmir. Məncə, məktəbin keyfiyyəti burada özünü daha açıq göstərə bilir. Əgər məktəb müxtəlif alətlərdə mükəmməl ifa edə bilən şagirdlərini cəmləyə bilirsə, demək orada yüksək təhsil var.
   - Əsl pedaqoq olmaq üçün hansı keyfiyyətlər önəmlidir?
   - Pedaqoq üçün əsas şərt məsuliyyətdir. Məsuliyyət və uşaqlara xoş münasibət varsa, bütün işlər qaydasında olur. Şagirdlərə gəldikdə isə, bizim məktəbə paytaxtın müxtəlif istiqamətlərindən uşaqlar gəlir. Əgər uşaq istedadlıdırsa, o mütləq uğur qazanaraq özünü təsdiq edəcək. 
   - Məktəbi bitirən şagirdlər bu sahədə yollarını nə dərəcədə davam etdirirlər? 
   - Bu bir qismətdir və eyni zamanda seçimə təsir edən müxtəlif səbəblər var. Mən deməzdim ki, bizim məktəbi bitirən əksər şagirdlər məhz musiqini seçirlər. Məktəbimizi əla qiymətlərlə bitirən çox istedadlı məzunlarımız da bəzən tamam başqa sahələrə üz tuturlar. Bəziləri gələcəkdə maddi baxımdan daha sərfəli ixtisasları seçirlər. Amma zaman-zaman məktəbimizdən musiqi üzrə ABŞ, Almaniya, Kanada, Rusiya və digər ölkələrdə təhsilini davam etdirən şagirdlərimiz olub. Bizim təhsil ocağını seçənlər ildən-ilə daha da artır. Uşaqların həm milli, həm də xarici musiqi alətlərinə marağı var. Vaxt var idi məktəbimiz fortepiano üzrə daha çox tanınırdı. Amma bu gün hər iki istiqamət eyni xətt üzrə inkişaf edir. Bəzən özümüz də uşağın istedadına uyğun istiqamət veririk. Mənə görə, musiqi insanı yaşadır. Bütün janrlar, bütün musiqi alətləri gözəldir. Yetər ki, bu gözəlliyi duya bilən qəlblər olsun...
   
   Qəmər xanım söhbətimizin sonunda gənc pedaqoqlara öz məsləhətini də verdi:
   - İntizamlı və vicdanlı olmaq, öz üzərində işləmək bütün nailiyyətlərin açarıdır. Fəaliyyətim dövründə hər zaman gənc kadrlara istiqamət vermişəm və onlar bu məktəbdə əsl pedaqoq kimi formalaşıblar. Özlərindən yaşlı həmkarlarına hörmətlə yanaşıb onların təcrübəsindən bəhrələnsinlər. 
   
   Lalə Azəri