Mayın 1-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının konsert zalında V.A.Motsartın “Fiqaronun toyu” operası nümayiş etdiriləcək. Səhnə əsərində Bartolo obrazını həmvətənimiz Timur Abdikeyev canlandıracaq.
   T.Abdikeyev Bakıda doğulub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2004-cü ildə Mariinsk Teatrında Cakomo Puççininin “Canni Skikki” operasının premyerasında doktor Spinelloçço obrazı ilə debüt edib. Teatrın opera truppası ilə birlikdə Paris, London, Madrid, Vaşinqton, Nyu-York, Stokholm, Kiyev və Moskva şəhərlərində qastrollarda olub. Rusiya Federasiyası Tatarıstan Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatıdır.