Türkiyə paytaxtında ənənəvi beynəlxalq festival işə başlayıb. 28-ci Ankara Beynəlxalq film festivalı çərçivəsində fəxri mükafatlar təqdim olunub. 
   Festivalın builki “Əziz Nesin əmək mükafatı”nın sahibi Türkiyə kinosunun məşhur siması İzzət Günay olub. Mükafatı aktyora bir çox filmlərdə tərəf-müqabili olmuş aktrisa Hülya Koçyiğit təqdim edib.
   Yaradıcılığının 60-cı ilində olan İzzət Günay mərasimdə çıxışında deyib: "Əziz Nesin bu ölkənin - Türkiyənin yetişdirdiyi böyük mütəfəkkirlərdən biri, dünya şöhrətli yazıçı və dramaturqdur. Adı içində bir də “əmək” sözü olunca, bu mükafat mənim üçün ikiqat dəyərlidir”.
   Festivalın “İncəsənət çinarı” mükafatı isə musiqi müəllimi və yazıçı Əhməd Saya Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə tərəfindən təqdim edilib. “Kütləvi kommunikasiya mükafatı”na isə aktrisa Meltem Cumbul layiq görülüb.
   28-ci Ankara Beynəlxalq film festivalı 30 aprelə qədər davam edəcək. Festival boyu milli, sənədli və qısametrajlı film yarışmalarından başqa, dünya kinosunun ən son nümunələri, eləcə də İspaniya filmləri nümayiş olunacaq, amerikalı ssenarist, rejissor və aktyor Terens Devisin yaradıcılığına baxış keçiriləcək və filmlərindən seçmələr göstəriləcək.