Aprelin 25-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, Türkiyə Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyası (SANKON) və Başkənd Universitetinin təşkilatçılığı ilə Ankarada türk dünyasının qadın bəstəkarlarının əsərlərindən ibarət konsert keçirildi.
   Universitetin salonunda təqdim olunan konsertdən öncə foyedə türk dünyasının qadın rəssamlarının əsərlərindən ibarət rəsm sərgisinin açılışı oldu. Sərgidə TÜRKSOY-un təşkilatçılığı ilə müxtəlif illərdə təşkil olunmuş sərgilərdə təqdim edilən 29 əsər nümayiş olunurdu.
   Açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, ilk dəfə həyata keçirilən tədbir türk dünyasının qadın bəstəkarları ilə yanaşı musiqilərini də bir araya gətirir: “Türkdilli xalqlar həmişə qadın adını və əməyini uca tutublar. Türk qadınları cəmiyyətin bütün sahələrində olduğu kimi, milli musiqinin inkişafında da aparıcı rol oynayıblar. Bu yaşadığımız çağdaş zamanda da özünü təsdiqləyir”. 
   SANKON-un sədri Nəzakət Əminə Atasoy da bu layihənin mədəniyyət sahəsində böyük addım olduğunu bildirdi və onun davamlı olmasını arzuladı: “Belə layihələr türk dünyası qadınlarının bacarığını, mədəniyyətimizə verdikləri töhfələri nümayiş etdirir”. 
   Sonra konsert proqramı başlandı. Konsertdə Başkənd Universitetinin orkestrinə Ertuğ Korkmaz dirijorluq edirdi. Proqrama Azərbaycandan Xədicə Zeynalova, Türkiyədən Özge Gülbe Usta, Qazaxıstandan Balnur Kıdırbek, Qırğızıstandan Nargiza Kurmanova, Türkmənistandan Jeren Gurbangulujova, Başqırdıstandan Leyla İsmayılova, Tatarıstandan Elmira Qulamovanın əsərləri daxil edilmişdi.
   Həmyerlimiz X.Zeynalovanın “Düşüncələr”, “Hekayə”, “Yağış damcıları”, “Gəzinti” və “Rəqs” əsərləri ifa olundu.
   Sonda TÜRKSOY adından ifaçılara diplom və hədiyyələr təqdim edildi.
   
   Mehparə Sultanova
   Ankara