Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq Hidayətin İrəvan həqiqətlərini əks etdirən “İrəvanda xal qalmadı” tarixi dramını yeni quruluşda və redaktədə təqdim edəcək. Teatrdan bildirilib ki, tamaşanın premyerası mayın 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutacaq.
   Əsər ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir. Rolları Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Əhliman Ərşadlı, Niyaməddin Səfərəliyev, Emin Sevdiməliyev, Əmrulla Nurullayev, Rövşən Cəfərov, Ceyhun Əliyev, Şəbnəm Cəbrayılova və başqaları ifa edəcəklər.