Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) bu tədris ocağının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əcnəbi tələbələrinin iştirakı ilə konsert keçirilib. Tədbiri BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundova açıq elan edərək bildirib ki, layihə iki yaradıcı təhsil müəssisəsinin ilk birgə layihəsidir. 
   Konsertdə Bakı Musiqi Akademiyasının Rusiya, Qazaxıstan, İran, Türkmənistandan olan tələbələri və Mədəniyyət və İncəsənət Universitetində oxuyan türkiyəli və iranlı tələbələr çıxış edib. Onların ifasında F.List və V.Bellininin əsərləri, Andrey Babayevin “Nazəndə sevgilim” mahnısı, “Ay Güləbatın” xalq mahnısı, Aşıq Veysəlin “Sadiq yarım” əsəri səslənib.
   Rəngarəng musiqi parçaları dinləyicilərin zövqünü oxşayıb. Konsert barədə təəssüratını bölüşən Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva Bakı Musiqi Akademiyası ilə əməkdaşlığın birinci layihəsinin uğurla gerçəkləşdiyini qeyd edərək ümidvar olduğunu bildirib ki, bu qəbil layihələr davamlı olacaq.