Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı geniş mədəni proqram hazırlanıb. Bu sıraya tamaşa və konsertlər də daxildir. 
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib ki, beynəlxalq tədbirlə bağlı tərtib edilən xüsusi repertuar planına dünya və Azərbaycan klassik və müasir opera nümunələri daxil edilib. Sənət ocağının səhnəsində may ayında oynanılacaq Lüdviq Minkusun “Don Kixot”, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun”, Fikrət Əmirovun “Sevil”, Aqşin Əlizadənin “Qafqaza səyahət” və “Ümid valsı” səhnə əsərləri İslam Həmrəyliyi Oyunlarının iştirakçıları və bu müddətdə paytaxtımızın qonağı olan turistlər üçün nəzərdə tutulub.
   * * *
   IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi günlərində proqrama uyğun olaraq Heydər Əliyev Sarayında da qonaqlara və turistlərə islam mədəniyyəti və Azərbaycanın zəngin mədəniyyəti və incəsənətini əks etdirən müxtəlif tədbirlər və konsert proqramları təqdim ediləcək.
   Heydər Əliyev Sarayının mətbuat xidmətindən bildirilib ki, aprelin 10-da Bakı Şopinq Festivalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olunacaq. Obrazlılığı, rəngarəngliyi və ifaları böyük maraqla qarşılanan “Mənim Azərbaycanım” yeni konsert proqramı və “Koroğlu” birpərdəli milli baleti mayın 20-də Heydər Əliyev Sarayında yenidən təqdim ediləcək. Konsertin bədii rəhbəri və quruluşçusu Rusiyanın Xalq artisti Dikalu Muzakayevdir.