Xəbər verdiyimiz kimi, ölkəmiz 24-27 aprel tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ArabianTravel Market 2017” beynəlxalq turizm sərgisində iştirak edib.   
   Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti qatılıb. Sərgidə respublikamızdan 40-dək turizm şirkəti və mehmanxana təmsil edilib.
   Ölkəmizin dünyanın aparıcı turizm sərgilərindən hesab edilən “ATM 2017” tədbirində iştirakı Azərbaycanın Körfəz ölkələrində turizm nümayəndəliyi olan “Atlantis Holidays” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib.
   Sərgidə Azərbaycanın turizm potensialının təqdimatı məqsədilə 100 kvadratmetr sahədə xüsusi dizayn əsasında ikimərtəbəli stend qurulub. Azərbaycan stendi sərgi günlərində böyük maraq doğurub. Ziyarətçi və qonaqlara ölkəmizin turizm infrastrukturu, səyahət və istirahət imkanları barədə ətraflı məlumat verilib, ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları təqdim olunub.
   Sərgi çərçivəsində Bakı şəhərində 12-22 may tarixində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının və 23-25 iyun tarixində keçiriləcək “Formula 1” Azərbaycan Qran-prisinin təqdimatı da gerçəkləşib.
   Həmçinin, “Naxçıvan - İslam mədəniyyətinin paytaxtı 2018” təqdimatına sərgi çərçivəsində xüsusi önəm verilib.
   Qeyd etmək lazımdır ki, Körfəz ölkələri gəlmə turizmi baxımından Azərbaycan üçün prioritet ölkələrdəndir. Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2006-cı ildən etibarən “ATM” beynəlxalq turizm sərgisində iştirak edir.