Paytaxtımızda Şopinq festivalı davam edir
   
   Aprelin 10-da başlanan Bakı Şopinq Festivalı ilə əməkdaşlıq edən şirkətlərin sayı hər ötən gün artmaqdadır. “Türk Hava Yolları” şirkəti - “Turkish Airlines” də festival üçün xüsusi kampaniyaya start verib. 
   Daim öz müştərilərinin xeyrinə xüsusi aksiyalar təşkil edən “Turkish Airlines” bu dəfə Şopinq festivalı çərçivəsində mayın 10-dək Bakı reysinin sərnişinləri üçün ödənişsiz 10 kq əlavə yük daşıyacaq. Bakı Şopinq Festivalı müddətində “Tax Free” bəyannaməsinə sahib olan sərnişinlər “Turkish Airlines” reyslərinə minik qeydiyyatı zamanı daşınma xərci ödəmədən 10 kq artıq baqaj verə bilərlər.
   Dünyanın ən böyük aviaşirkətlərindən olan “Turkish Airlines” yüzlərlə şəhərə uçuşlar həyata keçirir. Qeyd olunan kampaniya Bakı Şopinq Festivalına aviaşirkətin təyyarələrində gəlmiş turistlər üçün qaçılmaz fürsətdir.
   * * *
   Festivala qoşulan mağazaların sayı da hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş mağazaların ümumi siyahısı ilə linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-dək müştəriləri sərfəli təkliflərlə sevindirəcəklər.
   Qeyd edək ki, festivalın iki həftəsi ərzində 6 milyondan çox mal alınıb. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, aprelin 10-dan 23-dək Şopinq festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib, onlardan da 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Təsdiqlənmiş hesab fakturaların 7397-si Azərbaycan vətəndaşları, 505-i isə əcnəbilər tərəfindən təqdim olunub.
   Həmin hesab-fakturalar üzrə ümumi dövriyyə məbləği 6 milyon 313,2 min manat, alıcılara qaytarılmalı məbləğ isə 612,97 min manat təşkil edib. Bu məbləğin 595 min manatı malın alındığı gün alıcıya nağd qaydada qaytarılıb.
   * * *
   Bu arada Bakı Şopinq Festivalının fəxri qonağı olmuş məşhur rusiyalı müğənni Vera Brejneva şəxsi “İnstagram” səhifəsində ölkəmizlə bağlı təəssüratlarını bölüşüb.
   “Fərqli şəhərlərə səfər etmək, yeni dostlar, sevimli məkanlar tapmaq necə də gözəldir! Ötən gün Bakıda əsrarəngiz bir gün yaşadım. Musiqi, qonaqpərvərlik, gözəllik və sevgi. Bakıda görüşdüyüm hər kəsə təşəkkür edirəm”.
   Müğənni bu sözləri Bakıdan ölkəsinə qayıdarkən hava limanında çəkdirdiyi foto ilə birgə paylaşıb. 
   Xatırladaq ki, müğənni Bakı Şopinq Festivalı çərçivəsində aprelin 20-də Heydər Əliyev Sarayında möhtəşəm proqramla çıxış etmişdi.