“Ən böyük arzum musiqi sahəsində təhsil almaqdır”
   
   Xalqımızın musiqi mədəniyyətinin tarixi min illərlə ölçülür. Qədimdən sözə, sənətə önəm verən babalarımız yaşı əsrləri ötən, bu gün də qəlblərimizi oxşayan nəğmələr yaradıblar. Bu nəğmələrdə xalqımızın sevinci, kədəri - bütövlükdə həyat tərzi öz təcəssümünü tapıb. 
   Azərbaycan musiqi sənəti özünəməxsus zəngin ənənələri ilə bu gün dünyanın ən böyük konsert salonlarında səslənir, alqışlarla qarşılanır. Müxtəlif ölkələrdə keçirilən musiqi yarışlarında tez-tez azərbaycanlı gənclərin tanınmış musiqiçilərdən ibarət münsiflər heyətini necə heyran etdiyinin şahidi oluruq. “O səs Türkiyə”, “Ukraynanın səsi”, Rusiyada “Sən supersən!”, İsveçdə “Talent 2017” kimi müsabiqələrdə azərbaycanlı iştirakçıların möhtəşəm çıxışlarını sevinc və həyəcanla izləmişik.
   Bu günlərdə ölkə ictimaiyyəti məlahətli səsi və gözəl ifası ilə sosial şəbəkələrdə məşhurlaşan daha bir istedadlı gənci - Pərvin Səfərovu tanıdı. Pərvin musiqiyə böyük maraq göstərsə də, imkansızlıqdan bu sahədə təhsil ala bilməyib. Amma musiqiyə olan marağından da əl çəkmək istəməyib. Dinlədiyi bir çox xalq mahnılarını ifa etməyə başlayıb. İfasını təbiət qoynunda, qoyun-quzu otararkən mobil telefonla çəkərək sosial şəbəkədə paylaşıb və onun istedadı insanların marağına səbəb olub.
   Biz də bu maraqla Pərvini daha yaxından tanımaq üçün Neftçala rayonunun Qaçaqkənd kəndinə yollandıq. Evlərində Pərvin və anası Sevinc xanım bizi mehribanlıqla qarşıladı. 
   Pərvin Yaqub oğlu Səfərov 1985-ci ildə anadan olub. Orta təhsil alıb və kiçik yaşlarından təsərrüfat işlərində ailəsinə kömək edir. Deyir ki, hərdən otlaqda qoyun otararkən zümzümə edir, ifasını eşidənlər çox bəyəndiklərini bildirirlər: “O vaxtdan musiqiyə marağım artmağa başladı. Günlərin birində məni məktəbimizdə keçirilən tədbirə dəvət etdilər. Oxumağımı istəyirdilər. Camaat qarşısında heç vaxt çıxış etmədiyimə görə utanırdım. Nəhayət, razılıq verib tədbirə getdim. Oxudum və çox bəyəndilər. O vaxt artıq 9-cu sinif şagirdi idim. Bundan sonra həm məktəbdə, həm də rayonda keçirilən müxtəlif tədbirlərdə çıxış edirdim. Orta məktəbi bitirsəm də, imkansızlıqdan ali təhsil ala bilmədim”.
   Məlahətli səsi ilə tez bir zamanda qəlblərə yol tapmağı bacaran Pərvinin musiqi təhsili olmasa da, bəstəkar mahnılarını da peşəkarlıqla ifa edir. Oxuduğu mahnıları dinləyərək öyrəndiyini deyir: “Rəşid Behbudov, Şövkət Ələkbərova, Akif İslamzadə, Azər Zeynalov kimi sənətkarlara, klassik estradaya qulaq asaraq öyrənirəm. Düşünürəm ki, əgər təhsil ala bilsəm, səsimi daha faydalı istifadə edərəm”.
   Pərvin ATV telekanalındakı “BizimləSən”, “Səs Azərbaycan” müsabiqələrinə qatılsa da, iştirakı uğursuz alınıb. Buna görə peşəkar təhsil almaq fikrindədir: “Ən böyük arzum musiqi sahəsində təhsil almaqdır. İnanıram ki, mənə bu sahədə yardım edəcəklər. Sosial şəbəkələrdə video yayıldıqdan sonra mənimlə maraqlananlar çox oldu. Mədəniyyət və Turizm Nazirliyi də məni diqqətdə saxladı. Kənd klubunda məni işlə təmin etdilər. Artıq rayonda keçirilən bir tədbirdə iştirak etmişəm. Mənə dəstək verən hər kəsə öz minnətdarlığımı bildirirəm”.
   Pərvinin anası Sevinc Səfərova oğlu ilə bağlı fikirlərini bizimlə bölüşür. İllərini övladlarına həsr edən zəhmətkeş ana ilə söhbətimiz duyğulu başlayır. Çünki o, ötən il bir oğlunu itirib: “O da istedadlı idi, şeir yazırdı. Pərvinin də uşaqlıqdan musiqiyə marağı böyük idi. Təhsil almaq istəyirdi. Amma çətinliyimiz olduğu üçün onu oxutdura bilmədik. Pərvin Bakıda fəhlə işləyirdi. Qardaşı dünyasını dəyişəndən sonra kəndə qayıdıb, heyvandarlıqla məşğul olur. İnanıram ki, oğluma dəstək olacaqlar. Bu günlərdə Pərvinə çox yerdən dəstək gəlir. Hər kəsə öz minnətdarlığımı bildirirəm”.
   Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov bildirir ki, nazirlikdən verilən göstərişlə Pərvin Səfərovun ailəsi ilə görüş keçiriblər: “Pərvinə sənətini davam etdirməsi üçün hər cür köməklik göstərəcəyik. Rayon rəhbərliyi də dəstək verəcəyini bildirib. Həmçinin orta təhsilli olduğunu nəzərə alaraq Pərvinə Qaçaqkənd kənd klubunda mədəni təşkilatçı vəzifəsini təklif etdik. Aprelin 24-dən əmri verilərək rəsmən işlə təmin olunub. Pərvinlə bərabər bu kənddə olan digər istedadlı gəncləri də bir araya yığıb dərnək şəklində fəaliyyət göstərəcəklər, tədbirlərdə fəal iştirak edəcəklər. Artıq Salyanda keçirilən bir tədbirdə ona istedadını nümayiş etdirməyə şərait yaradılıb”.
   Biz də gənc ifaçıya arzuladığı peşəkarlıq yolunda uğur diləyirik.
   
   Fariz Hüseynov