XX əsr Azərbaycan ədəbi-mədəni mühitinin yetirdiyi görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyində anım tədbiri təşkil olunub. Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasının 109-cu ildönümü münasibətilə keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, alim və ziyalılar iştirak edib.   
   Çıxışlarda görkəmli elm xadimi, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər salınıb. Bildirilib ki, istedadlı nasir əsərləri ilə Azərbaycanın ədəbiyyat xəzinəsini daha da zənginləşdirib. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur.
   Qeyd olunub ki, Cənubi Azərbaycanda dünyaya gələn Mir Cəlalın ailəsi sonradan Gəncəyə köçüb, onun uşaqlığı burada keçib. 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində təhsil alıb. 
   Qeyd edilib ki, Mir Cəlal 1928-ci ildən ədəbi fəaliyyətə başlayıb. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olub. Azərbaycan Dövlət Universitetində (BDU) dosent, 1948-ci ildən professor kimi fəaliyyət göstərib. Görkəmli alim Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin də yaradıcılarından biridir.
   Tədbirdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri və solistləri musiqi proqramı ilə çıxış ediblər.