7777 “dəli”linin real səhnə təcəssümünün hələlik 80 illiyi
   
   1937-ci il (!), 30 aprel, Bakı. Dövlət Opera və Balet Teatrı, Mərkəzi Komitənin neçə-neçə qərar-qətnaməsindən sonra səhnəyə qoyulmasına rüsxət verilmiş “Koroğlu” operasının premyerası... 
   Salon qulaqbatırıcı sükut, tamaşaçılar səbr-cəbrli intizar içində... 
   Nəhayət, vur-tut üç-dörd saata şedevr bir sənət əsəri ilə onlar arasındakı pərdə yavaş-yavaş açılır və... hər kəsi ovsunlayan məqamlar yaranır...
   Bir azdan “Ölkəm-ölkəm, - hər yanı möhkəm, möhkəm” xoru ilə öyüləsi Çənlibel. İldırım kişnərtili Qıratın şahə qalxması. Əyilməz Xalq görüntülü Koroğlunun daim gələcəyi səsləyən qədim nərəsi. Zalımların məzlumlaşdırdığı qövmün arzuladığı günlərin Günəşi kimi parlayan Misri Qılınc...
   Səksən ildir səhnələrdən, dillərdən, könüllərdən düşməyən bu şah əsər O GÜN həyata beləcə qədəm qoyur. 
   Bəs bu fütuhatal premyeradan sonrakı birhəftəlik dəhşətli sükut?.. 
   Məsələ burasındadır ki, Mərkəzi Komitə “Koroğlu”nun ilk tamaşasının Azərbaycanda Aprel inqilabının 17-ci ildönümü gününə salınması barədə tapşırığından əvvəl (martın 31-də) bu opera haqda verdiyi (“Mətbuatda “Koroğlu” operası haqqında informasiyanın təşkili haqqında”) qərarın icrasından yanıqlı imiş... 
   Bəs bu operadan “statistik” tamaşaçılar nələr gözləyirmiş, amma nələr olub...
   “Qoç”, “Nərə”, “Asıb-kəsən” Koroğlu... və bu da -
    
   Sazlı-sözlü Koroğlu!..
   
   Bəli, bir neçə epizoddan sonra Koroğlu səhnəyə əlində saz çıxır və bəzən bu “silah”la da düşmənə meydan oxuyur...
   Bu, əlbəttə, tək elə bu millətin güc-meydan qəhrəmanının yox, həm də ədəb-irfan qəhrəmanının - dahi Üzeyir bəy Hacıbəylinin təbiətindən boy vermiş və bu canlı təbiətdə Azərbaycan xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdə dünyagörüşü göyərib-çiçəklənib bara dolmuşdu... 
   Əsas qəhrəmanın - ədalət uğrunda əzmlə mübarizəyə qalxmaq qərarından qələbə sevincinə qədər hərtərəfli, ardıcıl verilmiş xalq obrazının açılışı üçün onun məzlumluğunu “Çahargah”, üsyankarlığını “Şur”, hünərini “Rast” intonasiyaları və o dövrə qədərki kütləvi mahnı elementlərindən istifadə etmiş böyük bəstəkar bu cəhdini kütləvi “Yallı”, “Cəngi” rəqsləri və “Əhdnamə” xoru ilə davam etdirərək məqsədini tamamilə hədəfə çatdırıb.
   Bu unikal opera ilə bağlılığı səbəbilə bir nüans. 
   “Leyli və Məcnun”dan sonra tamamladığı “Şeyx Sənan”da ifaçıların improvizasiyasına yer qoymaması, xalqın yaxşı başa düşdüyü musiqi improvizasiyası üsullarından imtina etməsi, ilk ifaçıların texniki natamamlığı tamaşanın uğursuzluğuna səbəb olur və Üzeyir bəy elə ilk tamaşadan sonra səhnədən çıxarılan bu operanın not yazılarını cırıb atır. Bir kərə bunu ona təəssüflə “heyfiniz gəlmədi?” - deyə xatırladanlardan birinə isə deyir ki, “mən onu kağızlarda ləğv etdim, başımda yox...”
   Bəli, mütəxəssis müasirlərinin qeyd etdikləri kimi, xalqımızın bu əbədi Baş Nəğməkarı o “bəxtsiz operasının” musiqi materiallarından dünya şöhrəti taxt-taclı “Koroğlu”sunda xeyli istifadə edir və sonralar yazır: “Koroğlu” operasını yazmamışdan 20 il əvvəl xalq musiqisinin əsaslarını və köklərini öyrənmək işinə başlamışdım. Bütün bunların yekununda 1932-ci ildə bu operanı yazmaqçün özümdə hazırlıq hiss edərək cəsarətlə işə başladım”... 
   Dahi sənətkar “cəsarətlə işə başlayıb” ötən və qarşı əsrlərimizin şah əsərini başa vurmaqda, 1938-də Azərbaycan SSR, ardınca SSRİ Xalq artisti adına, 1941-də Stalin mükafatına (və rəhbərin şəxsi tapşırığıyla namizədlik stajı keçmədən birbaşa KP sıralarına qəbula) layiq görülməkdə, bir para sənətbazlar isə “öz təbiəti etibarilə birsəsli olan Azərbaycan musiqisinə harmoniya tətbiq edilərsə, onun bütün lad xüsusiyyətləri sıfıra enər” kimi müddəaları, bu bənzərsiz incinin partiturasına müdaxilə etmək, belə bir mərifət-mərtəbəli (amma... sonsuz) simanı “mənim övladlarım da bu əsərlərimdir - heç kim onlara toxunma cəsarətinə düşməsin” deməyə vadar etdirməklə onu ruhdan salmağa çalışmada... 
   Böyük sənətkar o qənaəti “Azərbaycan xalq melodiyasına bacarıqsızlıqla tətbiq edilən harmoniya onun xarakterini dəyişə və hətta bayağılaşdıra bilər, lakin bu o demək deyildir ki, Azərbaycan musiqisi əsrlər boyu birsəsli qalmalıdır. Azərbaycan ladlarının nizamlı sistemi xalq musiqisinin canlı həyat qabiliyyətli ladlarına söykənən iri çoxsəsli formaların yaradılması üçün möhkəm özül olmaq iqtidarındadır” fikri və bu əsəri (xüsusən “Çənlibel” xoru) ilə təkzib etsə də, müdaxilələrin qarşısını tam ala bilmədi...
   Üzeyir bəy həmin dönəmlərdə gələn il Moskvaya - “Azərbaycan mədəniyyəti günləri” dekadasına aparılası bu operaya iki hissə (uvertüra və partiya funksionerlərinin təklifilə sonuncu xor səhnəsini) artırmaqla məşğul idi...
   Çağlar istedad çeşməli, universal təfəkkürlü müəllif bu operanın mətninə də musiqisi qədər ciddi yanaşıb, böyük ədib M.S.Ordubadinin razılığı ilə librettoya bəzi düzəlişlər də edib. Onun qənaətincə, 17-18-ci əsrləri ehtiva edən bu dastanın səhnə-musiqi variantında tamamilə çağdaş ədəbi dil istilahlarından istifadə məqbul sayılmaz (“müharibə”nin - “cəng”, “qoşun”un - “ləşkər” kimi işlədilməsi nümunələri kimi). Ustad hətta şeirlərin ölçü-biçi və xüsusi vurğulu kəlmələrinə belə “məsləhət donu” biçirmiş. Məsələn, o, Həsən xanın sarayına gətirilmiş Qıratın aşağılanması epizodunda işlədilən “Yeyir, içir, yatır və şıllaq atır” misrasındakı sonuncu iki sözü səhnə üçün “caiz bilməyənlərlə” mübahisədə sonadək dirəniş göstərib... 
   O triumfal SƏNƏT-SƏHNƏ HADİSƏSİndə Qəhrəmanlıq meyarımız Koroğlunun ilk yaradıcısı Səs-Avaz simvolumuz Bülbül, sevgilisinə vəfa-sədaqət, zənginlər zümrəsi mənsubluğuna baxmayaraq xalqına məhəbbət mücəssəməsi Nigarın ilk təqdimatçısı Gülarə İsgəndərova, digər rolların ifaçıları X.Haqverdiyev, M.Bağırov, Ə.Zülalov, Q.Hüseynov, B.Mustafayev, M.Paşayeva və başqaları, quruluşçu rejissoru İsmayıl Hidayətzadə, rəqslərin quruluşçusu Qəmər Almaszadə, tərtibatçı-rəssam Rüstəm Mustafayev, dirijor pultu arxasında isə özü... 
   Zaman ötdükcə L.İmanov, A.Məlikov, F.Əhmədova, F.Qasımova kimi mahir “Koroğlu-Nigar”lar, Ş.Bəbəlbəyli, S.Dadaşov, M.Məmmədov çəkili “Koroğlu” quruluşçuları” yarandı. 
   Bu əsrarəngiz sənət doğuluşuna zaman-zaman bildirilən heyrət-rəğbət ifadələrinin isə sayı-hesabı yox:
   “Üzeyir bəy öz “Koroğlu”su ilə milli musiqi təfəkkürünü yeni inkişaf mərhələsinə qaldırdı”, “Ü.Hacıbəylinin “Koroğlu”su həm də istinad edildiyi dastana yeni bir həyatilik dinamikası verdi, Koroğlu - əfsanəvi qəhrəmandan real xalq qəhrəmanına çevrildi”...
   Bu deyimlərdən dörd dəqiq məxəzlisini də xatırladım.
   İlk tamaşada iştirak edən Cavid Əfəndi (tarın köhnəlik, gerilik əlaməti kimi inkar olunduğu 37-ci ildə!): “Koroğlu” operasında Azərbaycanın valehedici musiqi folkloru tamamlandırılmış Avropa musiqi texnikası ilə uzlaşdırılmış, ilk dəfə orkestroya daxil edilən tar gözəl səs yaratmışdır”. 
   S.Vurğun: “Koroğlu” operası musiqi və opera sənətinin mükəmməl bir abidəsidir ki, nəsillər və əsrlər boyu yaşayacaqdır!..”. 
   F.Əmirov: “Bu opera bir daha təsdiq etmiş oldu ki, onun müəllifi bütöv bir xalqdır...” 
   Koroğlu rolunun ifaçısı, Xalq artisti Samir Cəfərov: “2004-cü ildə Barselonada Monserrat Kabalye üçün Koroğlunun ariyasını oxudum və o, “Çox möhtəşəm, ecazkar! - deyib əlavə etdi - Bəs bunu niyə bütün dünya eşidib-tanımır, bilib-bildirmir?..” 
   Bizsə bilirik ki, düz 80 il bundan öncə səhnəyə çıxmış və tək elə əfsanəvi Bülbülün ifasında 400, 1938 və 1959-cu ildə Moskvanın “Böyük Teatr”ında dalbadal 3, 1975-də “Zaqafqaziya musiqi baharı” festivalında 2 kərə, eləcə də Aşqabad, Daşkənd, Tiflis, Kiyev, Peterburq və s. şəhərlərin səhnələrində dəfələrlə tamaşaya qoyulmuş bu bənzərsiz əsərin böyük sənət məntiqi və ruhu hər an yeni, hər vaxt milli və bəşəri, hər zaman səciyyəvi və ölməz! Bunu onun möhtəşəm uvertürasının milli müstəqillik mübarizələri dövrümüzdə meydanlarda “Azadlıq himni” kimi səslənməsi, TÜRKSOYun təşkilatçılığı (və daha maraqlı quruluşları) ilə vaxtaşırı olaraq ayrı-ayrı ölkələrin səhnələrində nümayişi və s. bu kimi ali səs-sədaları da təsdiq etmədə... 
   ...Və sonda -
   
   Tarixi bir “zarafat” haqda...
   
   Özü də, zarafatsız-filansız. Böyük Bülbülün xatirələrinə istinadən - dahiyanə bir zarafat...
   Hər pərdəsini mütləq Bülbüllə “müzakirə imtahanı”ndan keçirən (və “Nigarın ariyası”ıyla tanışlıqda ondan “Əşi, bu ki şah əsərdir!” heyrəti eşidən) Üzeyir bəy bir gün uzunmüddətli söhbətlərinin sonunda gülümsünərək: “Yaxşı, indi mən elə bir opera yazacam ki, hamını yerindəcə donduracaq” - deyir. Bülbül də cavabında ondan geri qalmır: “Mənsə, Koroğlu partiyalarını elə ifa edib-oxuyacam ki, daha heç kim onu o cür oxuya bilməyəcək!..” 
   
   Tahir Abbaslı