Azərbaycan
   
   29 aprel 1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub.
   29 aprel 1919 - Kinorejissor, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 - 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) və s. filmlərə quruluş verib. 
   29 aprel 1957 - Əməkdar artist Rəhman Tofiq oğlu Rəhmanov Bakıda anadan olub. Azərbaycan Dövlət Kukla Teatrında çalışır. «Qızıl Dərviş» mükafatı laureatıdır.
    
   30 aprel 1880 - Milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Aslan oğlu Əzimzadə (1880 - 16.6.1943) Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunmağa başlayan rəssam Azərbaycanda karikatura janrının banilərindən sayılır. 
   30 aprel 1937 - Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının (librettonun müəllifləri Q.İsmayılov və M.S.Ordubadi) ilk tamaşası nümayiş olunub. Koroğlu rolunu SSRİ Xalq artisti Bülbül ifa edib. 
   30 aprel 1947 - Xalq artisti, məşhur tarzən Ramiz Əyyub oğlu Quliyev Ağdamda doğulub. Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasının professorudur. 
   30 aprel 1952 - Əməkdar artist Eldəniz Qeybulla oğlu Rəsulov anadan olub. “Sevinc buxtası”, “Babək”, “Anlamaq istəyirəm”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə çəkilib. Filmlərin dublyaj və səsləndirilməsində iştirak edir. 
   
   1 may 1901 - Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-1976) anadan olub.
   1 may 1910 - Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910 - 1992) Şuşada doğulub. Operalarda Leyli ("Leyli və Məcnun", “Aşıq Qərib" və s.) əsas partiyalarda çıxış edib.
   1 may 1929 - Əməkdar jurnalist Sona Bağırova (1929-2001) anadan olub. 
   1 may 1934 - Yazıçı, dramaturq, ssenarist İsi Abbas oğlu Məlikzadə (1934 - 12.5. 1995) Ağcabədi rayonunda anadan olub. Əsərləri və ssenariləri əsasında filmlər (“Qoca palıdın nağılı”, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi”, “Pəncərə”, “Küçələrə su səpmişəm”), teletamaşa (“Qatarda”) çəkilib.
   1 may 1936 - Tanınmış dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1936 -27.11.2015) Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Azərbaycan ədəbi dilinin tarixi, türkologiya üzrə əsərlərin müəllifidir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.
   1 may 1938 - Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru Ataxan Əvəz oğlu Paşayev Naxçıvan MR Culfa rayonunun Başkənd kəndində anadan olub. Milli Arxiv İdarəsinin rəisidir.
   1 may 1940 - Xalq artisti, müğənni, bəstəkar Niyaməddin Musayev İmişlidə doğulub. 1968-ci ildə respublika muğam festivalının qalibi olub. "Röya" vokal instrumental ansamblının yaradıcısıdır. 
   1 may 1941 - Xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov anadan olub. 20-dən çox filmin quruluşçu rəssamıdır: “Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s. Dövlət Rəssamlıq Akademiyasının professorudur.
   1 may 1950 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (24.3.1872 - 1950) vəfat edib. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
   1 may 1959 - Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova Ağcabədi rayonunda doğulub. Milli Dram Teatrında çalışır. Teletamaşalarda ("Səni axtarıram", "Evləri köndələn yar"), filmlərdə ("Qaçaq Nəbi", "Bəyin oğurlanması" və s.) yaddaqalan obrazlar yaradıb.

   2 may 1908 - İlk azərbaycanlı qadın rejissor Qəmər Əliqulu qızı Salamzadə (1908-1994) anadan olub. Şair Əliqulu Qəmküsarın qızıdır. “Səbuhi” (1941) filminin rejissor assistentidir.
   2 may 1920 - Əməkdar artist Ətayə Qulam qızı Əliyeva (1920 - 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, Akademik Dram Teatrında çıxış edib. Filmləri: “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “Uşaqlığın son gecəsi” və s.
   2 may 1929 - Dilçi və ədəbiyyatşünas alim, professor, Əməkdar elm xadimi Yusif Mirəhməd oğlu Seyidov (1929-2013) Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
   2 may 1927 - Azərbaycanın ilk peşəkar hərbi dirijoru, sənətşünaslıq namizədi, dosent Niyazi Əhməd oğlu Kərimov (1927-2003) Qəbələ şəhərində anadan olub. “Azərbaycan professional musiqisinin salnaməsi”, “İlk hərbi dirijorlar və s. kitabların müəllifidir. 
   2 may 1939 - Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov (1939 - 24.4.2017) Bakıda doğulub. Muğamların tarixi və nəzəri problemlərinə dair kitabların müəllifidir. Bəstəkarlar İttifaqının katibi olub.
   
   Dünya
    
   29 aprel Beynəlxalq Rəqs Günüdür (İnternational Dance Day). 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir baletin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (Jean-Georges Noverre, 29.4.1727 - 1810) xatirəsinə ehtiram olaraq təsis edilib.
   29 aprel 1842 - Avstriya bəstəkarı, Vyana klassik operettasının banisi Karl Milleker (Karl Joseph Millöcker, 1842-1899) anadan olub. Əsərləri: “Kasıb tələbə”, “Üç cüt ayaqqabı”, “Qrafinya Dübarri”.
   29 aprel 1907 - Amerika rejissoru Fred Sinneman (Fred Zinnemann, 1907-1997) anadan olub. Dörd filmi “Oskar”a layiq görülüb: “Bu analar yaşaya bilərdi”, “Benci”, “Bütün zamanların adamı”, “İndidən və hər zaman”.
   
   30 aprel 1870 - Avstriya-macar bəstəkarı və dirijoru Frans (Franz) Lehar (1870-1948) anadan olub. “Şən dul qadın”, “Qaraçı məhəbbəti”, “Torağaylar oxuyan yerdə” operettalarının müəllifidir.
   30 aprel 1883 - Çex satirik yazıçısı və dramaturqu Yaroslav Haşek (1883-1923) anadan olub. “Əsgər Şveykin sərgüzəştləri” romanı, “Əcnəbilər üçün gid”, “Mənim it alverim” hekayələr toplusunun müəllifidir.
    
   1 may 1881 - Fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin, 1881-1955) anadan olub. Əsərləri: “Bəşəri mühit”, “İnsan fenomeni”.
   1 may 1924 - Gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub. Filmləri: “Qəm yemə”, “Pirosmani”, “Veri məhəlləsinin melodiyası”.
   
   2 may 1772 - Alman şairi və filosofu Novalis (əsl adı Georg Friedrich Philipp Freiherr von Hardenberg; 1772-1801) anadan olub.
   2 may 1903 - Özbəkistan kinosunun yaradıcılarından biri, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.
   2 may 1911 - Tacikistanın Xalq şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb. 
   
   Hazırladı: Vüqar Orxan