Azərbaycanın ABŞ-dakı səfirliyi və “N Street Village” qadınlar üçün reabilitasiya mərkəzinin təşkilatçılığı ilə Vaşinqtonda evsiz və yoxsul şəhər sakinləri üçün “Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib.
   “N Street Village” reabilitasiya mərkəzinin icraçı direktoru Şröyder Striblinq tədbiri təşkil etdiyi üçün Azərbaycanın ABŞ-dakı səfirliyinə minnətdarlığını bildirib. Reabilitasiya mərkəzinin sakinlərinə Azərbaycan mətbəx nümunələrindən ibarət şam yeməyi verilib və şirniyyatlar təqdim olunub.
   Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri ölkəmizin tarixi, coğrafiyası və mədəniyyəti haqqında danışıblar. 
   Sonra Vaşinqton şəhərində fəaliyyət göstərən “İpək Yolu” rəqs ansamblı (Silk Road Dance Company) reabilitasiya mərkəzinin sakinləri üçün Azərbaycanın mədəniyyətini əks etdirən proqram təqdim edib. Musiqi və rəqslərimiz böyük maraqla qarşılanıb. Tədbirin sonunda sakinlər ansamblın üzvləri və səfirlik nümayəndələri ilə birgə “Yallı” rəqsini ifa ediblər.