Görkəmli oftalmoloq alimin xatirəsi müxtəlif tədbirlərlə anılıb
   
   Aprelin 28-də İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan müəssisələrdə oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
   İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin növbəti məşğələsi görkəmli alimə həsr olunub. İştirakçılar əvvəlcə rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət “İşıqlı ömür yolu” adlı sərgi ilə tanış olublar. Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
   İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov akademik Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolundan danışıb. Qeyd edib ki, görkəmli alim oftalmologiya elminin inkişafında misilsiz xidmətlər göstərməklə yanaşı, yüksəkixtisaslı gənc kadrların hazırlanmasına da əvəzsiz töhfələr verib.
   Mərkəzin foyesində yerli musiqiçilərin ifasında konsert proqramı təqdim olunub.
   Şamaxıdakı Heydər Əliyev Mərkəzində dəyirmi masada Mirzə Ələkbər Sabirin ev-muzeyinin əməkdaşları Aytəkin Əliyeva, Aybəniz Məmmədova, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Məhəmməd Əliyev, Mərkəzi kitabxananın əməkdaşı Şəfəq Tağıyeva akademik Zərifə Əliyevanın həyatı və elmi fəaliyyəti barədə söz açıblar.
   Ağsu rayon Heydər Əliyev Mərkəzində keçirilən xatirə tədbirində Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” adlı film nümayiş olunub. Mərkəzin direktoru Reyhanə Tacızadə və digər çıxış edənlər Zərifə Əliyevanın xatirəsinin daim dərin ehtiramla anılacağını diqqətə çatdırıblar.
   Qobustan rayon Rəşid Behbudov adına Uşaq incəsənət məktəbində keçirilən tədbirdə oftalmoloq alimin elmi fəaliyyətindən ətraflı bəhs edilib, sənədli film nümayiş etdirilib. Məktəblilərin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
   Qəbələ rayon Mədəniyyət mərkəzində təşkil edilən tədbirdə regional idarənin rayon üzrə baş məsləhətçisi Nargilə Qafarova akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar barədə danışıb. 
   * * *
   Ağcabədi rayon Heydər Əliyev Mərkəzində də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar dəyirmi masa təşkil olunub. Mərkəzin əməkdaşları alimin elmi irsindən, oftalmologiyanın müxtəlif sahələri üzrə qazandığı nailiyyətlərdən bəhs ediblər. Akademikin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
   * * *
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin kollektivi isə Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi tərəfindən Tbilisidə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş tədbirə dəvət alıb. Məktəbin direktoru Əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə 20-27 aprel tarixində gerçəkləşən səfər zamanı kollektiv “Qardaş məktəblər” layihəsi çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrinin davamı olaraq, Kutaisi və Xaşuri şəhərlərindəki musiqi məktəblərində də konsert proqramı ilə çıxış edib. Xaşuridə keçirilən tədbirdə iştirak edən şəhər rəhbərliyinin nümayəndələri Xırdalan musiqi məktəbinə uğurlar arzulayaraq, bu əlaqələrin əhəmiyyətindən bəhs ediblər.