Aprelin 28-də paytaxtın Buzovna qəsəbəsindəki Ruhulla Axundov adına Mədəniyyət evində Yazıçılar Birliyinin Xəzər bölməsinin təşkilatçılığı ilə unudulmaz şair, “Biqələm” təxəllüsü ilə tanınan Məhəmməd Soltanəhmədoğlunun xatirə gecəsi keçirildi. 
   Gecəni yazıçı, şair Hacı Soltan açaraq ötən əsrdə yaşayıb-yaradan elm və sənət adamlarının anılmasını, AYB-nin Xəzər bölməsinin təşəbbüsünü yüksək qiymətləndirdi. Qeyd etdi ki, vətənin aydınlarını yad etmək, yaşatmaq onun mədəni irsini qorumaq deməkdir. 
   Sonra Biqələmin həyat və yaradıcılığı haqqında məlumat tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Bildirildi ki, Məhəmməd Soltanəhmədoğlu 1860-cı ildə Bakının Hökməli kəndində doğulub. Atası və qardaşı Bakı kəndlərində tanınan pəhləvanlar olub. Məhəmməd isə kiçik yaşlarından şeirə, sənətə böyük həvəs göstərib. O, təhsil ala bilmədiyi üçün öz şeirlərini kəndin mollası Fərruxa yazdırırmış. Bu səbəbdən də şair özünə "Biqələm" təxəllüsü seçib. Biqələm çoxlu sayda müxtəlif mövzulu qəzəl və həcvlərin müəllifidir. Şair şeirlərində daha çox danışıq dilinə uyğun tərzdə, sadə və təbii ifadələr işlətməyə çalışıb. Bu səbəbdən şeirləri tez əzbərlənib, dildən-dilə keçib. Şair ötən əsrin 30-cu illərində vəfat edib. 
   Tədbirdə həmçinin Biqələm yaradıcılığına yazılan təxmis müsabiqəsində fərqlənən gənc yazarlara AYB-nin diplom və hədiyyələri təqdim edildi. Gecə şairin yaradıcılıq nümunələri əsasında təqdim edilən muğam ifaları ilə davam etdi. Sonda AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
   
   Lalə