Fotomüsabiqə keçirilir
   
   Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi “Azərbaycanda Avropanı tap” adlı fotomüsabiqə elan edib.
   Müsabiqə Azərbaycan ərazisindəki Avropa nişanələrinə həsr edilib. Hər iştirakçı Avropa İttifaqı, yaxud Avropa ilə bağlı yalnız bir fotoşəkil təqdim edə bilər.
   İştirakçılar adları, yaşları, peşələri, əlaqə məlumatı, şəklin çəkildiyi yer, işin adı, onun Aİ, yaxud Avropa ilə bağlılığı barədə məlumat qeyd etməlidirlər.
   Fotoşəkillər mayın 15-dək eu.azerbaijan@gmail.com ünvanına göndərilməlidir.
   Nümayəndəlik tərəfindən seçilən münsiflər fotoşəklin orijinallığı və yaradıcılığına, mövzu ilə bağlılığı barədə məlumata əsasən üç qalib seçəcəklər.
   İyun ayında keçiriləcək mükafatlandırma mərasimində birinci yerin qalibinə yüksək keyfiyyətli güzgülü “Canon” fotoaparatı, ikinci və üçüncü yerin qaliblərinə isə rəqəmsal fotoaparat veriləcək.