Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşəbbüsü ilə ötən il elan olunan VIII “Molla Nəsrəddin” Beynəlxalq karikatura müsabiqəsinə yekun vurulub.
   Karikaturaçı Rəssamlar Birliyindən bildirilib ki, “Tolerantlıq və multikulturalizm” mövzusunda gerçəkləşən müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə reallaşıb.
   61 ölkədən 370-dək karikaturaçının qatıldığı müsabiqənin münsiflər heyətində Yaponiya, Rusiya, Fransa, İsrail, İran, Kipr və ABŞ-dan karikatura ustaları yer alıb.
   Üç turdan ibarət müsabiqədə I yerə Tsocho Peev (Bolqarıstan), II yerə Sunnerberq Konstantin (Belçika), III yerə Oleksi Kustovski (Ukrayna) və Leslie Rikkiardi (Uruqvay) layiq görülüb. Bir neçə iştirakçıya Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikatura Mərkəzinin və münsiflər heyətinin xüsusi diplomları təqdim olunub.
   Bu il keçiriləcək IX “Molla Nəsrəddin-Azərbaycan” Beynəlxalq karikatura müsabiqəsi isə IV İslam Həmrəyliyi Oyunlarına həsr olunub və “İdman, dostluq yarışları” adı altında gerçəkləşəcək.