Aprelin 10-da start verilən Bakı Şopinq Festivalı artıq sona yaxınlaşmaqdadır. Mayın 10-dək davam edəcək festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosudur. Eyni zamanda Vergilər Nazirliyi və digər aidiyyəti qurumlar bu işdə yaxından iştirak edir. Festivala qoşulmuş paytaxt mağazalarında dünya brendlərinin məhsulları, eləcə də yerli mallar endirimli qiymətlərlə alıcılara təqdim olunur.
   Şəhərimizin əsas ticarət mərkəzlərindəki “Baku Shopping Festival - Tax Free” stikerli mağazalarda bunun bir daha şahidi olduq. Satıcılar ötən müddət ərzində alıcı çoxluğundan razılıqlarını bildirirlər. 
   Brend mağazalardan birinin nümayəndəsi Asif Bağırov deyir ki, təmsil etdiyi mağazalar şəbəkəsi Bakı Şopinq Festivalına qatılaraq, yeni geyim kolleksiyasına 10 faiz endirim edib. ƏDV-lərin də geri qaytarılması isə alıcıların marağını daha da artırır.
   Ətriyyat mağazalarından birinin satış direktoru Hüseyn Hüseynov deyir ki, xüsusi seçilmiş məhsullara 70 faizədək endirim olunub: “Bizim təqdim etdiyimiz məhsullara tələbat yüksəkdir. Festival ərəfəsində isə alıcılarımız daha da artıb. Bundan çıxış edib deyə bilərəm ki, alıcılarımız çox məmnundur”.
   Mağazaların birində alış-veriş edən Emin Məmmədovun fikirlərini öyrənirik. Deyir ki, ay ərzində bir neçə dəfə ticarət mərkəzlərinə baş çəkirəm: “Mağazalarda da endirimlər var. Üstəlik ƏDV-lərin qaytarılması əlavə fürsətdır. Ona görə də Bakı Şopinq Festivalının təqdim etdiyi imkanlardan istifadə etdim”.
   İri ticarət mərkəzlərində alınan malların əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması (“Tax free”) işinin təşkili üçün Vergilər Nazirliyinin məlumat köşkləri qurulub. Vergilər Nazirliyinin əməkdaşı Tural Hüseynov ötən 3 həftə üzrə statistik məlumatları çatdırdı: “Festivalın başlamasından keçən 3 həftə ərzində 13 min 420 elektron hesab fakturası tərtib olunub. Satılan məhsulların dəyəri isə 10 milyon 16 min 608 manat olub. 932 min 810 manat 40 qəpik isə ƏDV qaytarılıb. ƏDV-lərin də 867 min 60 manat 90 qəpiyi yerli vətəndaşlara, 65 min 749 manat 50 qəpiyi isə xarici vətəndaşlara qaytarılıb”.
   Bakı Şopinq Festivalına hansı mağazaların qoşulduğu haqqında məlumatı isə ticarət mərkəzlərindən əldə etmək olar. Hər bir ticarət mərkəzində festival haqqında təşkilatçı qismində çıxış edən Azərbaycan Konqreslər Bürosunun əməkdaşları və könüllülərin məlumat verdiyi informasiya köşkləri var. 
   Bakı Şopinq Festivalının könüllüsü Simuzər Kazımova informasiya köşkünə gün ərzində həm yerli, həm də xarici vətəndaşların yaxınlaşıb məlumat almaq istədiyini deyir: “Maraqlananlara ƏDV-lərin necə qaytarılması, festivala qoşulan mağazalar və digər məlumatlar haqqında informasiya veririk. Həmçinin onları festival müddətində təşkil olunan mədəni proqramlar barədə məlumatlandırırıq”.
   
   Dünya xəbər saytlarının diqqətində
   
   Bakı Şopinq Festivalı müxtəlif ölkələrin xəbər saytlarının da diqqətində qalmaqdadır.
   Birləşmiş Ərəb Əmirliklərindəki prlog.org saytında dərc olunan “Azərbaycan 2017-ci ildə ərəb səyahət bazarında turizm təyinatı kimi irəli çıxır” sərlövhəli məqalə də bu qəbildəndir.
   Məqalədə qeyd olunur ki, Bakıda keçirilən Şopinq festivalı kimi tədbirlər Azərbaycana gələn turistlər üçün xüsusi bir imkandır. Festivalın ölkədə davamlı keçiriləcəyini yazan müəllif qeyd edir ki, bu, turistlərə müxtəlif fəsillərdə Bakının qonağı olmaq imkanı yaradacaq.
   Litvanın www.slaptai.lt saytında da “Baku Shopping Festival” barədə məqalə dərc edilib. Saytın baş redaktoru Gintaras Visotskasın müəllifi olduğu məqalədə deyilir ki, son bir ildə Azərbaycana turist axını bir neçə dəfə artıb və bu, ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bunun müsbət tərəflərdən birincisi iqtisadiyyatın, xüsusən pərakəndə ticarət sektorunun inkişafıdır: “Xüsusən aprelin 10-dan mayın 10-dək keçirilən Bakı Şopinq Festivalı çərçivəsində alış-veriş etmək sərfəlidir. Bir çox qabaqcıl dünya brendlərinin malları festival çərçivəsində nəinki sərfəli qiymətlərə təqdim edilir, hətta 100 manat və daha artıq ödədikdə ƏDV geri qaytarılır. Bu, əlbəttə ki, alış-verişi daha sərfəli edir”. 
   Yazıda vurğulanır ki, Bakıda festivala qoşulmuş mağazalarda qiymətlər dollar və avro ilə ifadədə Dubay, İstanbul və Moskvadakına ya bərabər, ya da daha aşağıdır. Buna “Tax Free” hesabına qənaət edəcəyiniz vəsaiti də əlavə etsək, nəticə göz qabağındadır - indi Bakıda şopinq etmək daha sərfəlidir.
   
   Fariz Hüseynov