Son bir neçə il ərzində Mədəniyyət və Turizm Nazirliyi dünyanın ən məşhur xəbər kanallarından olan “Euronews” və CNN ilə uğurlu əməkdaşlıq aparır. Təkcə Avropa ölkələri deyil, habelə Asiya, Afrika və Amerika ölkələri daxil olmaqla dünyanın 150 ölkəsində geniş auditoriyaya malik olan “Euronews” və CNN aparıcı beynəlxalq xəbər kanallarıdır.
   2017-ci il ərzində CNN kanalında ölkəmizin turizm potensialına dair reklam çarxlarının nümayişi, habelə CNNİnternational.com və CNN.com saytlarında müvafiq elektron banner kampaniyalarının təşkili nəzərdə tutulur.
   Bununla yanaşı, “Euronews” kanalında ölkəmizə həsr olunacaq reklam çarxlarının nümayişi, eləcə də “Postcards”, “Cult”, “Focus” və “Taste” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışların yayımlanması, euronews.com saytında müvafiq elektron banner kampaniyaları planlaşdırılır.