Yaxın 10 il ərzində dünya üzrə biznes turizminin həcmi orta hesabla hər il 3,7% artacaq. Bu barədə "Travelport" şirkətinin Turizm və Səyahətlər üzrə Dünya Şurası (WTTC) ilə birgə apardığı tədqiqatın nəticələrində qeyd edilib.
   Ən ciddi artımın Asiya-Sakit okean regionunda baş verəcəyi gözlənilir - ildə 6,2%. Çində biznes turizminin il ərzində 9,5%, Myanmada 8,7%, Honkonqda 8%, Kambocada 7,4%, Hindistanda 7,2% artımı proqnozlaşdırılır. Afrika ölkələrindən Ruanda və Qabonda illik artım 8,5%, Tanzaniyada 7,9% olacaq.
   Tədqiqat həmçinin biznes turizmi zamanı çəkilən xərcləri də əhatə edib. Məlum olub ki, inkişaf etməkdə olan ölkələrdə ezamiyyət xərcləri ciddi artıb. Bu baxımdan Qətərdə artım 25%, Azərbaycanda 21% təşkil edib.
    Bununla yanaşı, hərbi münaqişə baş verən ölkələrdə xərclər azalmaqdadır. Bu ölkələr sırasına Anqola, Sudan, Şri-Lanka daxildir. Biznes turizm bazarının liderləri ABŞ, Çin, Böyük Britaniya, Almaniya və Yaponiya olaraq qalır.