Azərbaycan xalqının mədəniyyətinin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Onun respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində, eləcə də müstəqillik dövründə həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. 
   Böyük şəxsiyyət mədəniyyəti xalqın tükənməz sərvəti hesab edirdi. O deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. 
   Mədəniyyət və incəsənətin bir çox sahələri haqqında irəli sürdüyü fikirlərdə Heydər Əliyev xalqımızın mənəvi simasına güzgü tutan dəyərlərin təbliğini milli ideologiyanın - azərbaycançılıq ideologiyasının vacib və zəruri komponentlərindən biri olmaq şərti ilə ön plana çəkir, mədəniyyəti milli dövlətçilik məfkurəsinin başlıca tərkib hissələrindən biri sayırdı: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
   O, mədəniyyət və incəsənət xadimlərinin əməyini həmişə yüksək qiymətləndirir, onların yaratdıqları əsərlərin xalqın mənəvi sərvəti olduğunu bildirirdi. Sovetlər dönəmində neçə-neçə yazıçı, şair, rəssam, bəstəkar və müğənnimiz ulu öndərin köməkliyi ilə SSRİ-nin yüksək fəxri adlarına, orden və medallarına, dövlət mükafatlarına layiq görülmüşlər. Müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə də ulu öndər mədəniyyət və incəsənət xadimlərinə öz qayğısını əsirgəməmiş, onların sosial rifahının yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirmişdir. Bu dövrdə bir çox incəsənət xadiminə fəxri ad, Prezident təqaüdü verilmişdir. Heydər Əliyev sənət adamları ilə görüşdən xüsusi zövq alırdı. Bu böyük şəxsiyyətin daxilində sənətə böyük sevgi yaşayırdı. Təsadüfi deyil ki, hərdən mahnılar oxuyur, memarlara şəhərsalma ilə bağlı məsləhətlər verirdi. Hər dəfə teatr xadimləri ilə, musiqiçilərlə səhnə arxasında görüşlərində onların problemləri ilə maraqlanır, öz tövsiyələrini bildirirdi.
   Ümummilli lider xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
   Ədəbiyyat və sənətlə, teatr və kino ilə, folklor və yazılı abidələrlə, rəssamlıq və heykəltəraşlıqla, musiqi və ifaçılıqla bağlı qənaətlərində Heydər Əliyev bir tamaşaçı, seyrçi təsəvvürü yaratmırdı, o, incəsənətin daxili qanunauyğunluqlarına və inkişaf perspektivlərinə yüksək professionallıqla yanaşan bir sənət nəzəriyyəçisi kimi çıxış edirdi. 
   Heydər Əliyev rəssamlıq və musiqi sənətinə böyük diqqət və qayğı ilə yanaşırdı, incəsənətin bu sahələrinin mənəvi dəyərlərin zənginləşməsində əhəmiyyətli yer tutduğunu dəfələrlə qeyd etmişdi. Onun Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə və digər fırça ustalarımızın yaradıcılığı, eləcə də tanınmış rus rəssamı Nikas Safronovun timsalında çağdaş rəngkarlıq sənətinin nailiyyətləri barədə fikirləri, Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov kimi qüdrətli sənət korifeylərinin əsərlərindəki milli mənəvi dəyərlərin xalqımız üçün iftixar mənbəyi olmasını təsdiqləyən mülahizələri bunu bir daha təsdiq edir.
   Ulu öndərin şəxsiyyəti, Azərbaycan xalqının tarixindəki misilsiz rolu bu gün incəsənətimiz üçün tükənməz mövzu mənbəyidir. Rəssamlarımız dəfələrlə böyük şəxsiyyətin obrazını yaratmış, haqqında neçə-neçə musiqi əsəri bəstələnmiş, dahi insanın ömür yoluna həsr olunan filmlər çəkilmişdir. Kinorejissor Vaqif Mustafayevin lentə aldığı sənədli filmlər silsiləsi ulu öndərin həyat və fəaliyyətinin bir növ xronikasıdır. Bu ekran əsərləri onun həyatından qiymətli fraqmentləri tamaşaçılara çatdırır və incəsənət tariximizin dəyərli nümunələri kimi əbədi qalacaqdır.
   Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ulu öndərin mədəniyyət siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına və xarici ölkələrdə təbliğinə xüsusi önəm verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da mədəniyyətimizin inkişafında xidmətləri olduqca böyükdür. Onun səyləri nəticəsində mədəni irs nümunələri UNESCO tərəfindən bəşəriyyətin mədəniyyət inciləri xəzinəsinə daxil edilmişdir. Azərbaycan bu gün mədəniyyətlərarası dialoq mərkəzinə çevrilmişdir. Bakı 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdur, 2018-ci ildə isə bu missiyanı qədim Naxçıvan davam etdirəcək.
   Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. “Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xətti bu gün həm də milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərtidir. 
   
   Rafiq Quliyev 
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri, Respublika Ağsaqqallar Şurasının üzvü