“Hansı Azərbaycan musiqisi ürəyimə yatsa, onun sədaları altında rəqs edəcəyəm”
   Bir aya yaxın davam edən Bakı Şopinq Festivalı mayın 10-da başa çatacaq. Bu müddətdə festivalın bir çox məşhur qonaqları da olub. Onlardan biri də dünyada “rəqs edən milyonçu” adı ilə məşhurlaşmış italiyalı səyyah və dicey (dj) Cankula Vakkidir.
   Bakıya səfəri ilə bağlı mətbuat konfransında C.Vakki qeyd edib ki, həyatda hər şeyə professional yanaşmağa çalışır: “Mən dj olmaq qərarını verəndə 45 yaşım var idi. Mən bu işə elə başladım ki, sanki 20 il öncə başlamışam. Artıq iki həyata sahibəm. İş adamı idim, indi isə şou insanı olmuşam. Bu, mənim xəyalım idi”.
   O, rəqsləri özü hazırladığını, xoreoqrafdan kömək almadığını əlavə edib. O deyib: “Rəqslərim hamısı sponton hazırlanır. Heç bir peşəkar hazırlıq görmürük. Sadəcə bunun üçün zövq və ehtiras lazımdır”.
   Biznes fəaliyyəti barədə də məlumat verən C.Vakki bildirib ki, biznesi qida sənayesi üçün qablaşdırma məhsulları hazırlamaqdan ibarətdir. 
   O söyləyib ki, hər hansı bir Azərbaycan musiqisi onun qəlbinə yol tapsa, həmin musiqinin sədaları altında rəqs edəcək: “Bu, bədahətən olacaq, mən söz verə bilmərəm. Bəlkə sabah İtaliyaya qayıtdım, bəlkə də burada qaldım. Mən incəsənət insanıyam, hisslərimlə hərəkət edirəm”.