C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında tanınmış aktyor Ceyhun Mirzəyevin anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçirilib.
   Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Sadıqov Ceyhun Mirzəyevin kino sənətində işıqlı bir sima kimi əbədiləşdiyini diqqətə çatdırıb.
   C.Mirzəyevin hələ uşaqlıqdan “Ögey ana”, “Dəli kür”, “Yenilməz batalyon” filmlərində yaddaqalan obrazlar yaratdığı bildirilib.
   Xalq artistləri Şamil Süleymanlı, Eldost Bayram, Əməkdar artist Elxan Qasımov, kinorejissor, Əməkdar incəsənət xadimi Kənan Məmmədov və başqaları aktyorun həyat yolundan söhbət açıblar. Onun təkcə aktyor, rejissor deyil, həm də bir dost kimi müsbət xüsusiyyətlərindən danışıblar.
   C.Mirzəyevin 46 yaşında həyatdan getməsini təəssüflə qeyd edən sənət dostları onun birinci (“Ögey ana”) və sonuncu (“Fəryad”) filmində canlandırdığı obrazların hər zaman kinosevərlərin yaddaşında qalacağını, görkəmli sənətkarın kinomuzun “İsmayıl”ı olaraq xatirələrdə yaşayacağını bildiriblər.
   Sonda C.Mirzəyevin çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.