Səməd Vurğunun təbirilə “filosof tənqidçi”, davamçılarının qənaətincə, “ədəbi-nəzəri fikrimizin patriarxı” Məmməd Cəfər 
   
   O, bu millətin tək elə iki dahisinin - Mirzə Cəlil və Mirzə Ələkbər Sabirin simalarında XX əsrin güclü fikir cərəyanı olan tənqidi realizmin tarixi-estetik mahiyyətini filosofcasına ümumiləşdirdi. Onların davamçılarını da öz fəlsəfi mühakimələr süzgəcindən keçirdi; tutalım, rus tənqidçisi Dobrolyubovun öz xalqının xislətini ifadə etdiyi “oblomovçuluq” (Qonçarovun Oblomov obrazı) keyfiyyəti qarşısına bizlərə məxsus (Mir Cəlalın Gəldiyev obrazına binaən) “gəldiyevçilik” azarını çıxardı... 
      
   Belə bir alimin öz fundamental elmi əsərlərinə “Estetik zövq haqqında”, “Estetik tərbiyə, ailə və məktəb”, “Xalqımızın ədəbiyyat tarixi”, “Ədəbi düşüncələr” kimi poetik başlıqlar verməsi təbii idi. Həm də ona görə ki, bu elm-sənət mücəssəməsi bu sahəyə başdan-başa -
   
   Həyat təbiiliklərindən gəlmişdi 
   
   Bənzərsiz (və poetik!) ədəbiyyatşünas-tənqidçi, nasir, 1939-cu ildən AYB-nin üzvü, filologiya elmləri doktoru, professor, AEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Məmməd Zeynalabdin oğlu Cəfərov 1909-cu il mayın 9-da Naxçıvan şəhərində anadan olub. APİ-nin Dil və ədəbiyyat fakültəsini bitirmiş, institutun ərəb ədəbiyyatı kafedrasının aspiranturasında təhsil almış, Ədəbiyyat fakültəsinin dekanı, Quba Müəllimlər İnstitutunda direktor müavini, ADU-nun rus ədəbiyyatı kafedrasının müdiri, ardınca Filologiya fakültəsinin dekanı, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda sovet ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi şöbələrinin müdiri, institutun direktoru işləmiş, akademiyanın ictimai elmlər bölməsinin akademik-katibi olmuşdur. Neçə-neçə elmlər namizədi və doktoru yetişdirmiş, akademik F.Qasımzadə ilə birlikdə orta məktəb üçün XIX-XX əsrlər ədəbiyyat dərsliyini meydana gətirmiş, 30 illik pedaqoji fəaliyyəti ərzində rus və Qərb ədəbiyyatı, estetika və tənqid tarixi, mətbuat tarixi, Azərbaycan ədəbiyyatı tarixi kurslarını yaratmış və tədris etmişdir. Ədəbi-tənqidi və publisist əsərləri, “Mirzə Ələkbər Sabir” və “Cəlil Məmmədquluzadə” monoqrafiyaları müxtəlif xarici dillərdə nəşr edilmişdir. 
   Alim 1992-ci il mayın 11-də dünyasını dəyişmiş, Fəxri xiyabanda dəfn edilmişdir.
   
   Bu dəfnədək... 
   
   Xalqın tarix və mədəniyyət-mənəviyyat kəhkəşanını tədqiq-təhlil haqqını qazanmaq (və həm də orada özünə yer tutmaq) üçün gərək onun öz bağrından qopmuş olasan. Böyük ədəbiyyatşünas-alim, bənzərsiz istedad, səmimiyyət, əsl insanlıq sahibi (və... dünyadəyişimindən artıq iyirmi beş il ötmüş) akademik Məmməd Cəfər Cəfərov hələ də hər yerdə belə bir ümumədəbi-ictimai nüvəli məmnuniyyət hissilə də xatırlanır. Elə onun yetirdiyi minlərlə tələbələrindən (bizimçünsə “barmaqhesabı” qədər az olan böyük tədris və həyat Müəllimlərindən) Abbas Zamanovun sözləri də bu xüsusda idi: “Xoşbəxt o kəsdir ki, onun məhz şəxsiyyəti də gözəl bir əsər təsirindədir, “...ədəbiyyatımızın “mən”i barədə ən dolğun, ən kamil kitab həm də, bütövlükdə, Məmməd Cəfər müəllimin şəxsiyyət yaradıcılığıdır”. 
   Böyük tənqidçi Yaşar Qarayevin bir zamanlar qələmə aldığı qeydlərindəki bir parça da (yeniyetməliyində neçə-neçə “çətin peşələr”də olmuş Məmməd Cəfərin “çörəkbişirmə aləmilə” bağlı) onun “şəxsiyyət mənzərəsi”nə maraqlı detallar əlavə edir: “Bəli, o “od-alov məktəbi”, “çörək dərsləri” - şəxsiyyətinin və mənəvi təbiətinin işığı-istisi şəklində gələcək mütəfəkkir alim və tənqidçinin varlığını daha heç zaman tərk etmir: bu atəş xalqa və sənətə bəslənən məhəbbətə çevrilir, mənəvi vicdanın və həqiqət duyğusunun rəmzi və ifadəsi kimi bütünlükdə onun ruhunda və varlığında həmişə yanır. Bu gün də Məmməd Cəfərin ən yaxşı məqalələrindən, çörək ətri və “alov əxlaqı”nın rayihəsi gəlir”. 
   Bu elmi ab-havalı qeydlərdən sonra kiçik bir ədəbi məlumat: yeniyetmə M.Cəfər öz şeirlərini “Məmməd Cəfər Kündəgir” imzası ilə yazırmış...
   Həyat, gün-güzəran çətinlikləri isə davam edirmiş. Bir çox “üzrlü-üzrsüz səbəblərdən” oxumağa gecikmiş M.Cəfər 19 yaşınadək nə qədər cəhd edirsə, ali məktəbə qəbul etmirlər. Belədə o, 1928-ci ildə Xalq Maarif Komissarı R.Axundova uzun bir nəzmi-ərizə yazır və o da Naxçıvana göstəriş verir ki, “bu cavanı istədiyi məktəbə qəbul edin”. Beləliklə, yüksək səviyyə və qeyri-adi istedada malik olduğu komissar göstərişindən sonra “üzə çıxan” 20 yaşlı Məmməd Cəfər birbaşa Naxçıvan Pedaqoji Texnikumuna qəbul edilir və son kursdan Lenin adına Pedaqoji İnstituta göndərilir. O, bu ali məktəbi bitirərkən yazdığı (“XVIII əsrin maarifçi-filosofu Volterin ədəbi-nəzəri görüşləri”) diplom işində də bir “qeyri-adi”liyə imza atmış olur. Dövrün məşhur tənqidçisi Əli Nazim (bu diplom işini “ilin ən əla “əla”sı ilə qiymətləndirməklə yanaşı) onu möhkəm tənqid edir: “Sən Volterin ictimai-tarixi və fəlsəfi görüşlərinə daha çox yer vermisən, halbuki daha çox, ədəbi-nəzəri görüşlərindən bəhs etməli idin!”
   Ciddi tənqidi qeydə səbəb olan bu “yanlış” həm də, öz fəlsəfi təmayüllü tənqid və nəzəri görüşlərilə həqiqi akademikliyə doğru getməkdə olan gənc alimin yaradıcılıq taleyi üçün bir naxış olur...
   Bu məqamda daha bir (amma fəci-ironik) “yenilik”: M.Cəfər professional tənqidə qədəm qoyanda onun bilavasitə müəllimi Əli Nazim və bir çox mənəvi-irfani müəllimləri (B.Çobanzadə, Ə.Abid, H.Zeynallı, S.Mümtaz və b.) repressiyaya qurban getmişdilər. Bu kimi çox siyasi-rejimi dəhşət mənzərələrinin şahidi olmuş bu şəxsiyyət, öz dədə-baba tədbirliliyi sayəsində əyilib-sınmadan düz 60 il Azərbaycan ədəbiyyatşünaslığı, ədəbi tənqidi və ictimai fikrinin formalaşması, təbliği və daha da inkişafı yolunun baş yolçularından biri kimi yaşayıb-yaratdı. Davamçıları onu Azərbaycanda rusşünaslığın əsasını qoymuş rus ədəbiyyatı tarixçisi, klassik Azərbaycan bədii və estetik fikrinin tədqiqatçısı, müasir sənət və estetika (habelə Azərbaycanda ədəbiyyat nəzəriyyəsi elmini formalaşdırmış) nəzəriyyəçisi, nizamişünaslıq və füzulişünaslığın yaradıcılarından biri kimi səciyyələndirirlər. 
   Çünki o, çoxlarından əvvəl bilirdi ki, Azərbaycanda fəlsəfi fikir, əsasən, bədii ədəbiyyatın bətnindən boy atıb. Bu alimin yaradıcılıq irsi ilə tanışlıq belə bir qənaət də doğurur ki, dahi Azərbaycan klassiklərinin (Xaqani, Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə və b.) ifadə etdikləri “bədii dünyalar”, əslində, Azərbaycan fəlsəfəsinin ideya mənbə-məxəzləridir. Beləliklə, bu alim XX əsrdə ilk olaraq bizim milli poetik fəlsəfəmizi fəlsəfi tənqid müstəvisinə çıxarmış oldu. Bu fəlsəfə böyük alimin ikicildlik “Seçilmiş əsərləri”ndəki məqalələrin böyük qismində, xüsusən, M.Füzuli poetikasındakı zirvə fəlsəfi obraz və duyğu-düşüncə aləminə dair gəldiyi qənaətlərdə (məsələn, “Füzuli sevir - Füzuli düşünür deməkdir”) öz əksini tapıb. Onun öz “Füzuli düşünür” monoqrafiyasında şair Füzulidə mütəfəkkir-filosof Füzuli axtarışı bənzərsiz bir fərdi elmi tədqiqat işindən əlavə, ümumelmi ədəbi-tənqidi hədəfə yetik bir qənaət, ümumirfani bir bəhrə kimi də təzahür edir. 
   
   Və...
   
   Ömrü uzunu öz böyük (“çətin”, “quru”, “akademik”...) elm dünyası qapsamında ağır-batmani bir poetiklik də gəzdirmiş bu nəhəng alim faciəli bir ömür yaşamış M.Hadiyə həsr etdiyi fəlsəfi-publisistik essesinə belə bir başlıq seçmişdi: “Səni kim unudar...”
   1942-ci ildə qələmə aldığı o essenin bu başlığı, həm də, o yazıdan cəmisi dörd il öncə siyasi qətlə yetirilmiş nakam Müşfiqimizin xatirəsinə mübhəm bir elegiya da deyildimi?..
   Elələrinin hamısına qəni-qəni rəhmət...
    
   Tahir Abbaslı