Artıq bir neçə aydır Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan "Söz" ədəbi layihəsinin hər poeziya gecəsini söz-sənət həvəskarları maraqla gözləyir. Çünki gözləntilər də özünü doğruldur. 
   Mayın 10-da layihənin növbəti toplantısı Yuğ Dövlət Teatrı ilə birlikdə gerçəkləşdi. Mənəvi zövqü, düşüncə tərzi standart çərçivələrə sığmayan yaradıcı insanların, xüsusən də gənclərin çox sevdiyi bu sənət ocağında keçirilən şeir məclisi "O2", yəni "Oksigen" adlanırdı. 
   Şeir havasına yığışanlar bu dəfə istedadlı gənc şairləri dinləmək imkanı qazandılar. Layihə rəhbəri Nigar Həsənzadə giriş sözü söyləyərək, hər kəsi salamladı və məclisi idarə etmək ixtiyarını Yuğ Teatrının aktrisası, Əməkdar artist Yaqut Paşazadəyə həvalə etdi. 
   Aktrisa isə öz şeirlərini oxuyacaq gənclərin hər birini özünəməxsus tərzdə, onların xarakterini səciyyələndirən ifadələrlə səhnəyə dəvət etdi. Şəhriyar del Gerani, Könül Arif, Fərid Hüseyn, Qismət Rüstəmov, Aysel Fikrət, Feziyyə Soltanmurad, Günel Şamilqızı, Zaur Rəxşan, Mehman Rəsulov, Saleh Səbat və digərləri bir-bir öz şeirlərini oxudular. 
   Gənclərin şeirlərinə hakim olan lirik ovqat, sentimental ruh məclis əhlini də bu ovqata kökləmişdi ki... Yaqut xanım məclisə qonaq olaraq gəlmiş balaca bir şeir həvəskarını - 11 yaşlı Əsgər Novruzovu səhnəyə dəvət etdi. Balaca şair mikrofonu əlinə alan kimi "mən bu məclisin ovqatını dəyişmək istəyirəm" dedikdə salondakı hal əhli bu iddiaya xəfif gülüşlə münasibət bildirsə də, Əsgər "Azərbaycan ordusu" adlı şeirini söyləməklə hər kəsin ovqatını az da olsa, dəyişdi. 
   Çıxış edən, bir-birinin ardınca öz şeirlərini söyləyən gəncləri dinləmək kifayət idi ki, çağdaş poeziyamızın havasına bələd olasan. Sentimentallıq, şeriyyətin daha dərin fəlsəfi qatına canatma çox olsa da, məcazi dildə desək, havası saf, oksigeni boldur. 
   
   Gülcahan Mirməmməd