Mayın 8-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti yeni səhnə əsərini teatrsevərlərə təqdim edib. Şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” tarixi dramı əsasında hazırlanan eyniadlı tamaşa İrəvan həqiqətlərindən bəhs edir.
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşada, həmçinin ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən danışılır.
   Yeni quruluşda təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assistenti Tural Xəlilzadədir.
   Rolları Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Əhliman Ərşadlı, Niyaməddin Səfərəliyev, Zülfiyyə İsmayılova, Emin Sevdiməliyev və başqaları ifa edib. Tamaşada musiqi tərtibatı, maraqlı dekorasiya və aktyorların oyunu maraqla qarşılanıb.