Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə rayon Mərkəzi kitabxanası ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Kitab bayramı” keçirib. Tədbirdə MKS-nin direktoru Havva Mirzəyeva, regional idarənin məsləhətçisi Validə Nabatova çıxış ediblər. Müxtəlif mövzularda kitab sərgiləri, Tarix-diyarşünaslıq muzeyinin eksponatları, əl işləri sərgisi, 4 nömrəli Uşaq incəsənət məktəbinin şagirdlərinin çəkdikləri rəsmlər, Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr edilmiş səhnəcik maraqla qarşılanıb. Uşaqlar kitab haqqında şeirlər söyləyiblər.
   Regional idarənin Tərtər rayon nümayəndəliyi də “Kitab bayramı” təşkil edib. Tədbirdə kitablar, rayon Tarix-diyarşünaslıq muzeyinin eksponatlarından nümunələr, taxta üzərində oyma, dekorativ əl işləri sərgilənib.
   Regional idarənin rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov tədbirdə çıxış edib. Rayon Mədəniyyət mərkəzinin və Musiqi məktəbinin hazırladığı konsert proqramı təqdim edilib.
   * * *
   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki kitabxanalar da ümummilli liderin anadan olmasının 94-cü ildönümü münasibətilə kitab bayramları təşkil ediblər. İsmayıllı rayon MKS-nin keçirdiyi tədbirdə 10 min nüsxə kitab, Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin, Turizm İnformasiya Mərkəzinin və kənd klublarının üzvlərinin əl işləri və rəsm əsərləri nümayiş olunub. 
   Şamaxı MKS-nin keçirdiyi tədbirdə çıxış edənlər ümummilli liderin həyat və fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıblar. Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin “Gülüstan” instrumental ansamblı, Mədəniyyət mərkəzinin “İncə tellər” aşıqlar ansamblının iştirakı ilə konsert proqramı təqdim olunub.
   Ağsuda da “Kitab bayramı” keçirilib. Tədbirdə iştirak edən məktəblilər ümummilli liderə həsr olunmuş şeirlər söyləyiblər. 
   * * *
   Ümummilli liderin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Ağstafa rayon MKS-nin təşkilatçılığı ilə “Kitab bayramı” keçirilib. Heydər Əliyev Mərkəzinin önündə qurulan kitab sərgisində müxtəlif nəşrlər, elektron vəsaitlər nümayiş etdirilib. Həmçinin uşaq və yeniyetmələrin çəkdikləri rəsmlər, əl işləri sərgilənib.
   Oxucu uşaqların ifasında “Danışan kitablar” kompozisiyası təqdim olunub.
   Kitabxananın Uşaq şöbəsinin hazırladığı nağıllardan ibarət səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. 
   * * *
   Kürdəmir rayon mərkəzindəki “Qələbə” parkında ümummilli liderin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunan “Kitab bayramı”nın iştirakçıları müxtəlif başlıqlar altında sərgilənən kitablarla tanış olublar. Bu il yubileyləri qeyd ediləcək görkəmli şəxsiyyətlərə həsr edilmiş sərgilər də nümayiş etdirilib. 
   Tədbirdə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədov, ictimaiyyət nümayəndələri iştirak edib. Kürdəmir rayon MKS-nin direktoru Şahalı Şıxəliyev, rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxış ediblər.
   Mədəniyyət mərkəzinin musiqi kollektivi və Uşaq incəsənət məktəbi şagirdlərinin iştirakı ilə təqdim edilən musiqi nömrələri, rəqslər, 1 və 6 saylı məktəblərin şagirdlərinin, uşaq bağçalarının körpə fidanlarının təqdim etdikləri kompozisiyalar maraqla qarşılanıb. Kürdəmir Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.