Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, təşkilata üzv dövlətlərin səfirlikləri və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəranda “Avropa günü” münasibətilə tədbirlər keçirilib. 
   9 may - “Avropa günü” Avropa İttifaqı yolunda ilk təşəbbüs olan “Şuman bəyannaməsi”nin (1950) ildönümü ilə bağlı qeyd edilir. 
   Lənkəran şəhəri bir neçə səbəbə görə tədbirin keçiriləcəyi məkan kimi seçilib. Aİ-nin Azərbaycandakı nümayəndəliyi Şimal və Cənub, Şərq və Qərb arasında nəqliyyat dəhlizlərinin üzərindəki strateji mövqedə yerləşən rayonda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində layihə hazırlayıb.
   Tədbirlər çərçivəsində Lənkəran Dövlət Universitetində tələbələr üçün müxtəlif Avropa dilləri üzrə kurslar təşkil edilib. İsveç istehsalı olan “Pəncərədən çıxıb itmiş 100 yaşlı qoca” filmi nümayiş olunub. Şəhər Mədəniyyət mərkəzində gənclər “Breyn-rinq” yarışında biliklərini nümayiş etdiriblər. Gənclər Mərkəzində Hollandiya istehsalı olan “Təsadüflərin bir-biri ilə bağlılığı” və Almaniya istehsalı olan “Almaniyaya xoş gəlmisiniz” filmləri göstərilib.
   Heydər Əliyev Mərkəzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Almaniya, Macarıstan, Latviya, Hollandiya, Portuqaliya, Rumıniya və digər ölkə diplomatlarının tələbələrlə görüşü keçirilib. Qonaqlar Lənkəranda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları, rayonun turizm potensialını əks etdirən sərgi ilə tanış olublar.
   Mayın 11-dək Gənclər Mərkəzində Latviya, Litva, Portuqaliya, Fransa və digər ölkələrin filmləri nümayiş olunub.