“PRO Azerbaijan” interaktiv ölkə bələdçisi istifadəyə verilib
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “PRO Azerbaijan” şirkəti tərəfindən özündə sosial platformanın və mobil köməkçinin funksiyalarını birləşdirən, interaktiv ölkə bələdçisi funksiyasını həyata keçirəcək yeni layihəyə start verilib. Bu mobil əlavədə görməli yerlər, istirahət zonaları, mehmanxanalar, kafe və restoranlar, mağazalar, gözəllik salonları, klinikalar, afişalar, endirimlər, aksiyalar və s. haqqında maraqlı məlumatlar yerləşdirilib. Eləcə də ölkənin mədəniyyəti, tarixi, görməli yerləri, şəhər və rayonları, müxtəlif qurum və təşkilatları haqqında hərtərəfli məlumatları: təsvir, naviqasiya, foto və video müşayiəti ilə “PRO Azerbaijan” mobil əlavəsində tapmaq mümkündür.
   “PRO Azerbaijan” - hər zaman, hər yerdə Azərbaycan haqqında bütün zəruri məlumatları əldə etmək üçün tam hüquqlu interaktiv köməkçinizdir. Həmçinin müxtəlif rezervasiyalar, sifarişlər, vəzifəli şəxslərin (hazırda Mədəniyyət və Turizm Nazirliyi rəsmilərinin qəbuluna yazılmaq mümkündür, gələcəkdə bu siyahı genişlənəcək) və ya müxtəlif istiqamətdə çalışan mütəxəssislərin qəbuluna yazılmaq üçün proqramın daxili market menecerindən istifadə, şərh və rəy bildirmək imkanları yaradılıb.
   Proqramda xəbər portalları, televiziya və radio kanalları, fonoteka, Azərbaycan filmləri, geniş kitabxana, valyuta məzənnələri, hava və nəqliyyat haqqında məlumatları əldə etmək imkanları da verilib.
   Mobil əlavə üç (Azərbaycan, rus və ingilis) dildədir, həm onlayn, həm də oflayn rejimində çalışır və yüklənilməsi pulsuzdur.
   Mobil əlavəni pulsuz yükləmək üçün aşağıdakı linklərdən keçid edə bilərsiniz:
    https://itunes.apple.com/us/app/pro-azerbaijan/id1132743512?mt=8

    https://play.google.com/store/apps/details?id=com.learnandsolve.proazerbaijan
   
   Mobil əlavənin rəsmi saytı - www.proazerbaijan.com